Komendantın istədiyi məbləği təyin edərək pul alması qanunidir?
Paytaxt sakinləri Mənzil-Tikinti Kooperativlərinin (MTK) “komendant pulu”, “kommunal pulu” adı altında onlardan pul almalarından narazıdırlar.
Onlar bildirirlər ki, hər ay komendantlar onlara kart göndərərək, 80, hətta 200 manata qədər pul tələb edirlər. Bunu isə “lift təmir edirik”, “həyəti işıqla təmin edirik”, “təmizlik edirik”, və s. bəhanələrlə istəyirlər.
Maraqlısı da budur ki, 1-ci mərtəbədə yaşayan şəxslə, 16-cı mərtəbədəki eyni pulu ödəyir. Liftdən istifadə etsə də, etməsə də.
Bəs görəsən, komendantın mənzil sahibindən, yaxud kirayəşindən istədiyi məbləği təyin edərək pul alması qanunidir? Bu məbləğlər nəyə əsasən müəyyən olunur?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc açıqlamasında bildirib ki, milyonlarla manatın biznes məqsədilə yığılmasına hökumət tərəfindən nəzarət edilməlidir:
“Bu məsələ hal-hazırda ciddi problemlərdən biridir. Düşünürəm ki, bu istiqamətdə müəyyən tənzimləmə işləri aparılmalıdır. Özəl sektor olsa belə, proseslərin nəzarətsiz buraxılması vətandaşlar üçün çox ciddi problemlərin yaranmasına səbəb olur. Burada söhbət milyardlarla manat puldan gedir. Bu maliyyənin nəzarətdən kənar və effekti olmayan şəkildə istifadəsi ölkə iqtisadiyyatına zərbədir. Düşünürəm ki, 2026-cı “Kəmərin sıxılması” ili olacaq. Burada vergilərin daha çox olması, xərclərin optimallaşdırılması və qənaət iqtisadiyyatına keçidlə bağlı müəyyən adımlar atılıb. Növbəti il üçün qəbul edilmiş büdcədən də görünür ki, hökumət qarşıdakı çətinliklərə sinə gərmək üçün müəyyən preventiv addımlar atılmasını planlaşdırır. Bu istiqamətdə qeyd olunan məsələ də, kənarda qalmamalıdır. İlk növbədə “kommunal pulu” kimi qeyd olunan ödənişlər həddindən artıq yüksəkdir. İkincisi, onun qarşılığında göstərilən xidmətlər ürəkaçan və peşəkar deyil. Üçüncüsü, bu xidmət haqlarının müəyyən olunması birtərəfli qaydada müəyyən olunur. Bina sakinlərinin bu və ya digər formada mövqeyi, rəyi, münasibəti nəzərə alınmır və istənilən dövrdə komendantlıq inflyasiyanı əsas gətirərək, komunnal haqlarını 10-20% qaldırır. Bunun üçün də hüquqi prosedur olmadığından, sakinlər etiraz edə bilmirlər.
Məsələyə köklü yanaşmaq lazımdır. Bina tikilib, istifadəyə verildikdən sonra sakinlər özləri onun idarə edilməsini təşkil etməlidirlər. Bu, dünya təcrübəsində uğurlu yanaşmadır. Yaxud professional şirkətlərlə sakinlər müqavilə bağlayaraq, bu və ya digər xidmət haqlarının müəyyən olunması, xidmətin səviyyəsi ilə bağlı məsələ olduqda, həmin müqavilə əsasında məsələyə təsir etmə imkanları olsun. Yəni vətəndaşların seçimi önəm kəsb etsin. Məsələnin həlli yalnız bu iki variantda həll oluna bilər.
İndiki halda tərəflərin məsuliyyəti, hüquqları və vəzifələri müəyyən olunmadığına görə məsələ öz həllini tapmayacaq. Bu, müzakirə olunacaq, lakin nəticəsiz qalacaq. Hazırkı ənənədən imtina etmək lazımdır. Qanuna müvafiq dəyişikliklər edilməlidir. Birmənalı şəkildə proses tənzimlənməlidir”.




