Tikinti materialları bahalaşır: mənzillər də bahalaşacaq?
Tikinti xərclərində artım, bəzi materialların qiymətində isə bahalaşma müşahidə olunur. Bəs hazırda tikinti bazarında vəziyyət necədir və materialların bahalaşması mənzil qiymətlərinə təsir göstərəcəkmi?
Mövzu ilə bağlı Ekologiya.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, tikinti materiallarının qiymətinə əsasən bazardakı tələb və tikinti aktivliyi təsir göstərir:
“Tikinti materialları bazarındakı qiymətlər il ərzində müxtəlif təsirlərə məruz qalır. Bazara olan müraciətlərin sayı qiymət artımını əsas səciyyələndirən amillərdəndir. Fevralın sonu, martın əvvəlindən tikinti aktivliyinin artması ilə bazara müraciətlərin sayı da artır. Bu isə böyük tələb yaradır və tələb öz-özlüyündə qiymət artımına təsir göstərir. İsti aylarda tikinti prosesləri daha aktiv olduğu üçün qiymət artımı da davam edir. Soyuq aylarda isə tikinti aktivliyi aşağı olduğundan artım daha zəif templə gedir”.
Ekspert qeyd edib ki, bahalaşmaya idxal olunan materialların qiyməti, gömrük rüsumlarındakı dəyişikliklər və yerli istehsalın maya dəyərinin artması da təsir göstərir.
V.Orucun sözlərinə görə, tikinti materiallarının bahalaşması mənzil qiymətlərinə təsir edən amillərdən biridir, lakin daşınmaz əmlak bazarındakı qiymətləri yalnız bununla əlaqələndirmək olmaz:
“Tikinti materiallarının qiymətinin artması daşınmaz əmlak bazarındakı mənzil və qeyri-yaşayış obyektlərinə, ümumilikdə tikinti məhsullarına birbaşa təsir göstərir. Lakin burada əsas amillər tələb, daşınmaz əmlakın investisiya baxımından cəlbediciliyi, tikinti prosesinin aktivliyi, regionlardan şəhər mərkəzlərinə axınlar, eləcə də dünyada baş verən maliyyə və iqtisadi proseslərdir”.
Ekspert hesab edir ki, tikinti materiallarının qiymətindəki artım ilin sonuna qədər davam edə bilər, lakin yaxın gələcəkdə ciddi bahalaşma gözlənilmir:
“Hazırda tikinti normativləri sərtləşdiyi və tikinti üçün torpaq sahələri məhdud olduğu üçün yaxın gələcəkdə tikinti materiallarının qiymətində ciddi artım gözlənilmir”.




