Vüqar Oruc Prezidentin fərmanının qiymətləndirmə sahəsinə təsirindən danışdı
Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı, əmlak məlumatlarının vahid elektron sistemdə toplanması və kadastr məlumatlarının idarə olunması bu sahədə şəffaflığın və məlumatlara əlçatanlığın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı və kadastr məlumatlarının idarə edilməsinin rəqəmsallaşdırılması istiqamətində yeni addım atılıb.
Prezident İlham Əliyevin imzaladığı fərmanla “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib, sistemin sahibi və operatorunun funksiyaları müəyyənləşdirilib.
Maraqlıdır, yeni informasiya sistemi daşınmaz əmlakın qiymətləndirilməsi sahəsinə və əmlak bazarına hansı təsirləri göstərə bilər? Sistemdə məlumatların sistemləşdirilməsi və əlçatanlığının artırılması əmlakın bazar dəyərinin daha obyektiv müəyyənləşdirilməsinə, qiymətləndirmə prosesində şəffaflığın yüksəldilməsinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Moderator.az-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc açıqlama verib.
Sədr bildirib ki, imzalanan fərman daşınmaz əmlakın elektron reyestri və kadastrı informasiya sisteminin yenidən formalaşdırılması istiqamətində çox mühüm addımdır. Bu proses 18 aydan sonra yekunlaşacaq. Həmin müddət ərzində mövcud sistem qüvvədə qalacaq, bundan sonra isə yeni sistem istifadəyə veriləcək.
“Bu, həm daşınmaz əmlakın qeydiyyatında şəffaflığın təmin olunmasına gətirib çıxaracaq, həm də uzun müddət qeydiyyatsız qalan, qeydiyyata alınmayan əmlakların gələcək taleyinin müəyyənləşdirilməsi istiqamətində yeni imkanlar açacaq.
Düşünürəm ki, kadastrın formalaşdırılması və reyestrin yenidən təşkili istiqamətində atılan bu addım qiymətləndirmə sahəsinə də müsbət təsir göstərəcək. Amma burada bir məsələ xüsusilə qeyd olunmalıdır: yeni sistemə giriş açarlarının qiymətləndiricilərə də verilməsi çox müsbət addım olardı.
Çünki qiymətləndirici bu gün fəaliyyət göstərərkən, hər hansı obyekti qiymətləndirəndə, əsasən daşınmaz əmlak saytlarında yerləşdirilən məlumatlara əsaslanır. Bu isə nəticənin kifayət qədər dəqiq olmasına imkan vermir.
Burada, əlbəttə, qiymətləndiricilər öz təcrübələrindən çıxış edərək və əmlak qiymətləri barədə təsəvvürlərinə əsaslanaraq əldə etdikləri məlumatları əsaslandırıcı xarakterli məlumatlar kimi qəbul edir və bu əsasda qiymətləndirmə fəaliyyətini həyata keçirirlər”.
Vüqar Oruc vurğulayıb ki, lakin giriş açarlarının olması qiymətləndiricilərə həm Ədliyyə sistemindəki alqı-satqı məlumatlarına, həm Ədliyyə Nazirliyinin alqı-satqı məlumatlarına, həm də İqtisadiyyat Nazirliyinin müvafiq idarəsinin daşınmaz əmlakın reyestri və kadastrı üzrə yeni informasiya portalına çıxış imkanı yarada bilər:
“Bu isə əmlaklar barədə daha düzgün təsəvvürün formalaşmasına, eləcə də daşınmaz əmlakın alqı-satqısı ilə bağlı dəqiq məlumatların əldə edilməsinə şərait yarada bilər. Belə bir imkan qiymətləndiricilərin peşə fəaliyyətinin həyata keçirilməsinə böyük dəstək olardı.
Beləliklə, artıq dəqiqləşdirilməmiş, artırılmış və ya azaldılmış rəqəmlərə deyil, real faktlara əsaslanmaq mümkün olardı. Eyni zamanda, torpaqların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin və digər əmlak növlərinin dəqiq məlumatlarının yer aldığı sistem vasitəsilə bu məlumatları yoxlamaq və şəffaflığı təmin etmək imkanları yarana bilər.
Bu, təbii ki, qiymətləndirmə sektorunun inkişafına müsbət təsir göstərə bilər. Digər qonşu dövlətlərdə də qiymətləndiricilərin bu sistemlərə çıxış əldə etmək və oradan məlumat almaq imkanları mövcuddur.
“Hesab edirəm ki, Dövlət İmtahan Mərkəzində imtahan vermiş və qiymətləndirici peşəsinə yiyələnmiş hər bir mütəxəssis bu informasiyalara çıxış əldə etməlidir ki, hesablamalar zamanı obyektlərin dəqiq yerini, sahəsini və konturlarını müəyyənləşdirmək üçün həmin məlumatlardan istifadə edə bilsin. Bu da ümumi fəaliyyətimizə müsbət dəstək ola bilər.
Çünki bilirsiniz ki, bank sistemi qiymətləndirmə hesabatları əsasında kreditlər ayırır, audit sistemi qiymətləndirmə xidmətlərinə müraciət edir, müəssisələr balansdakı aktivlərin qiymətləndirilməsini qiymətləndirmə şirkətləri vasitəsilə həyata keçirir, alqı-satqı əməliyyatları ilə bağlı əmlakların qiymətləndirilməsi də qiymətləndirmə şirkətləri tərəfindən aparılır.
Eyni zamanda, köçürülmə, söküntü və kompensasiya məsələlərində də qiymətləndirmə xidmətlərindən istifadə olunur. Bu qədər geniş fəaliyyət sahəsini əhatə edən sektorun müvafiq dövlət informasiya sistemlərinə giriş imkanının olması qiymətləndirmə fəaliyyətinin şəffaf, obyektiv və operativ şəkildə həyata keçirilməsi üçün çox böyük təkan olardı”.




