“Təhlükəli ərazilərdə tikilən evlərə çıxarış verilməsə də, kompensasiya mexanizmi tətbiq olunmalıdır



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

İqtisadçı ekspert Vüqar Oruc təhlükəli zonalarda tikilmiş, lakin çıxarış verilməyən evlər mövzusuna münasibət bildirərək, bu sahədə humanist və hüquqi yanaşmanın vacibliyini vurğulayıb. O, açıqlamasında qeyd edib ki, qanunvericiliyə görə, yüksək gərginlikli elektrik xətləri altında, meşə zolaqlarında, strateji obyektlərə yaxın ərazilərdə və kommunikasiya xətlərinin keçdiyi yerlərdə tikinti aparmaq qadağandır və bu ərazilərdə tikilən evlərə çıxarış verilmir.

Lakin Orucun fikrincə, bu kimi hallar reallıqda geniş yayılıb və minlərlə belə ev dövlət qurumlarının gözü qarşısında mövcuddur. Ekspert hesab edir ki, ilk növbədə bu evlər tam siyahıya alınmalı, sonra isə vətəndaşların konstitusion mülkiyyət və yaşamaq hüquqları nəzərə alınaraq, kompensasiya mexanizmi tətbiq olunmalıdır.

“Əgər bu məsələ kütləvi xarakter daşıyırsa, o zaman yalnız fərdi çıxış yolları ilə deyil, daha geniş, sistemli yanaşma ilə məsələyə baxılmalıdır. Alternativ olaraq ya kompensasiya verilməli, ya da hüquqi statusu olan ərazilərdə torpaq sahələri ayrılmalıdır”, – deyə Oruc bildirib.

Ekspert əlavə edib ki, infrastrukturun köçürülməsi və ya ərazilərin hüquqi statusunun yenidən nəzərdən keçirilməsi də mümkün həll variantlarındandır. Onun fikrincə, illərlə həmin ərazilərdə yaşayan və kommunal xidmətlərdən istifadə edən vətəndaşların evlərini bir anda “qanunsuz” elan etmək sosial ədalət prinsipinə uyğun deyil.