Sənədsiz evlərin qeydiyyatında yeni qaydalar şəffaflığı artıracaq



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Azərbaycanda sənədsiz evlərin qeydiyyatı ilə bağlı mühüm yenilik baş verib. Prezident İlham Əliyevin təsdiqlədiyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna edilən dəyişikliklər uzun müddətdir vətəndaşların gözlədiyi hüquqi mexanizmləri aktivləşdirir. Bu dəyişikliklərə əsasən, təqdim edilən sənədlərlə torpaq kateqoriyası arasında uyğunsuzluq olduqda, qeydiyyat orqanları 15 iş günü ərzində araşdırma aparmalı və qərar verməlidir.

Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc açıqlamasında bildirib ki, bu dəyişikliklər uzun illər davam edən bürokratik süründürməçiliyin qarşısını alacaq, vətəndaş müraciətlərinin cavab müddətini qısaldacaq və məmur özbaşınalığını minimuma endirəcək.

Vüqar Orucun sözlərinə görə, indiyədək sənədsiz evlərin qeydiyyatında yaşanan qeyri-müəyyənlik və gecikmələr vətəndaşların ipoteka, alqı-satqı, miras və digər hüquqi imkanlardan istifadə etməsinə əngəl törədirdi. Yeni qanunla isə dövlət orqanlarının məsuliyyəti artırılır və vətəndaş hüquqları daha güclü qorunur.

Ekspert həmçinin vurğulayıb ki, əmlakların qeydiyyata alınması ölkə iqtisadiyyatı üçün də böyük əhəmiyyət daşıyır: “Sənədləşmə olmayan əmlaklar iqtisadiyyata daxil ola bilmir. Bu dəyişikliklər kredit bazarına çıxışı genişləndirəcək, əmlakın qiymətləndirilməsi və bazarın şəffaflaşmasını təmin edəcək”.

Vüqar Oruc əlavə edib ki, sənədsiz evlərin qeydiyyatını sürətləndirmək üçün kütləvi inventarizasiya və sənədləşmə proqramları vacibdir. Rusiyada və Türkiyədə bu sahədə tətbiq edilən modellər Azərbaycana nümunə ola bilər. Eyni zamanda, qeyri-müəyyən torpaq sahələrində yerləşən evlərin qanuniləşdirilməsi üçün kütləvi amnistiya tətbiqi də prosesə ciddi təkan verə bilər.

Ekspert maarifləndirmənin artırılmasının da önəmini vurğulayıb: “Rayonlarda treninqlər, seminarlar və media vasitəsilə geniş maarifləndirmə aparılmalıdır. Vətəndaşlar öz hüquqları və sənədləşmə qaydaları barədə tam məlumatlı olmalıdır. Bu, həm də hüquqi savadlılığın artmasına xidmət edəcək”.

Vüqar Oruca görə, bu dəyişikliklər yalnız qeydiyyat prosesini sürətləndirmir, eyni zamanda sosial ədalətə, iqtisadi inkişaf və hüquqi mühitin yaxşılaşdırılmasına mühüm töhfə verir.