Torpaq sahəsi olanların nəzərinə: Elektron sistem tətbiq olunacaq



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Azərbaycanda torpaq sahələrinin sərhədlərinin və koordinatlarının dəqiq müəyyən olunması istiqamətində ciddi islahatlar gözlənilir. Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, torpaq sahələri ilə bağlı yaranan mübahisələrin əksəriyyəti koordinat sisteminin tətbiq olunmaması və elektron reyestrin olmaması ilə bağlıdır:

"Torpaq sahələrinin sərhədlərinin, koordinatlarının dəqiq müəyyən olunması daim gündəmdə olan məsələdir. Bu istiqamətdə məhkəmə çəkişmələrinə səbəb olan hadisələr baş verir. Qeydiyyatın elektronlaşmadığı, texnologiyanın cəlb olunmadığı zamanlarda çoxlu problemlər yaranırdı. O zamanlar torpaq komitəsi və digər qurumlar bu işlə məşğul olurdular".

Vüqar Oruc bildirib ki, hazırda İqtisadiyyat Nazirliyi bu prosesin təkmilləşdirilməsi üçün müvafiq addımlar atır. O qeyd edib ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ilə Green Capital Limited arasında əməkdaşlıq müqaviləsi bağlanıb:

"Biz nəinki torpaq sahələri, bütün daşınmaz əmlakların xəritəsinin müəyyən edilməsi, reyesterinin təşkili, qiymətləndirilməsi təklifini irəli sürmüşük. Azərbaycanda dövlət əmlak reyesteri formalaşmalıdır. Elə evlər, torpaq sahələri var ki, qeydiyyatda deyil".

İqtisadçının sözlərinə görə, torpaq sahələrinin ayrı-ayrı şəxslər tərəfindən zəbt olunmasının əsas səbəblərindən biri də reyestr sisteminin olmamasıdır:

"Koordinasiya sistemi ilə bağlı mütəxəssislərin texnoloji alətlərin cəlbində haqlıdırlar. Ancaq hazırda məhkəməlik olan torpaq sahələrinin əksəriyyəti zəbt olunub, koordinasiya sisteminə cəlb olunmayan torpaqlardır. Bu istiqamətdə düşünürəm ki, yaxın günlərdə müvafiq işlər görüləcək".

Vüqar Oruc əlavə edib ki, yaxın zamanlarda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yeni elektron portalın istifadəyə verilməsi planlaşdırılır. Bu portal vasitəsilə vətəndaşlar torpaq və digər əmlak sahələri ilə bağlı rəqəmsal əsasda sərəncam vermək imkanına malik olacaqlar.