Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc ölkədə saxta pul nişanlarının dövriyyəyə buraxılması ilə bağlı Mərkəzi Bankın xəbərdarlığını şərh edərək məsələnin ciddi iqtisadi və təhlükəsizlik riskləri yaratdığını bildirib. Onun sözlərinə görə, saxta pul vasitəsilə ölkə iqtisadiyyatına zərbə vurmaq mümkündür və bu səbəbdən Mərkəzi Bankla yanaşı hüquq mühafizə orqanları birgə monitorinqlər aparmalıdır.
Ekspert qeyd edib ki, xüsusilə ticarət obyektlərində və valyuta mübadilə məntəqələrində pul nişanlarının orijinallığının yoxlanılmaması təhlükəlidir. Beynəlxalq təcrübəyə əsaslanaraq o bildirib ki, xarici ölkələrdə həm milli, həm də xarici valyutanın həqiqiliyini müəyyənləşdirən xüsusi texnoloji avadanlıqlar geniş istifadə olunur. Azərbaycanda da belə cihazların istifadəsi və IT proqramları vasitəsilə əskinasların təhlükəsizlik elementlərinin yoxlanılması vacibdir.
Vüqar Oruc əlavə edib ki, saxta pullarla mübarizədə ən önəmli məsələlərdən biri də əhalinin maarifləndirilməsidir. “İnsanlar bilməlidir ki, əskinaslarda relyef çap üsulu, holoqram, mikro yazılar, rəngini dəyişən elementlər və digər təhlükəsizlik əlamətləri var. Bu barədə geniş maarifləndirmə işləri aparılmalıdır ki, vətəndaşlar şübhəli hallarla qarşılaşdıqda düzgün reaksiya verə bilsinlər,” – deyə o bildirib.
Ekspert vətəndaşların belə hallarda hüquq mühafizə orqanlarına müraciət etməkdən çəkinməməli olduqlarını vurğulayıb. Onun sözlərinə görə, saxta valyutanı bilərəkdən dövriyyəyə buraxan şəxs cinayət məsuliyyəti daşıyır və bu halda 3 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. “Əgər vətəndaş saxta pulu aldadılaraq əldə edibsə və bu barədə dərhal hüquq-mühafizə orqanlarına müraciət edirsə, heç bir məsuliyyət daşımır və zərərçəkmiş qismində tanınır,” – deyə Vüqar Oruc əlavə edib.