Problemli kreditlərin artımı dövrü xarakter daşıyır, qabaqlayıcı tədbirlər vacibdir



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Problemli kreditlərin artımı son dövrlərdə iqtisadi müzakirələrin əsas mövzusuna çevrilib. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc bu məsələyə münasibət bildirərək, əsasən istehlak kreditlərində problemli kreditlərin üstünlük təşkil etdiyini qeyd edib.

Ekspertin sözlərinə görə, problemli kreditlər iki əsas kateqoriyaya bölünür: istehlak və biznes məqsədli kreditlər. “İstehlak kreditləri birinci yerdədir. İnsanlar iş yerlərini itirdikdə ödəmə qabiliyyəti aşağı düşür və nəticədə problemli kredit yaranır. Məbləğ baxımından isə biznes kreditləri daha böyükdür. Lakin burada problemli hallar nisbətən az müşahidə olunur,” – deyə Vüqar Oruc bildirib.

O, istehlak kreditlərinin artımında Bank Olmayan Kredit Təşkilatlarının (BOKT) da rolunu vurğulayıb və bu qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsinin vacibliyini qeyd edib. “İstehlak kreditlərinin böyük bir hissəsi BOKT-ların payına düşür. Ona görə onların da fəaliyyətinə ciddi nəzarət olunmalıdır,” – deyə ekspert bildirib.

İpoteka kreditlərinin isə ən az problemli sahə olduğunu qeyd edən Vüqar Oruc bu sahədə ödəniş problemlərinin daha asan həll oluna bildiyini vurğulayıb: “İpoteka krediti ilə alınan mənzillərdə problem yarananda, mülkiyyətçinin dəyişdirilməsi və ya yeni alıcının tapılması ilə məsələ daha tez həll olunur.”

Vüqar Oruc problemli kreditlərin artımının müəyyən dövri xarakter daşıdığını, bu vəziyyətin həm qlobal, həm də yerli iqtisadi amillərlə bağlı olduğunu bildirib. “Neft satışında azalma, iqtisadi risklər və ölkəmizin müharibədən yeni çıxması bu artımda rol oynayır,” – deyə ekspert qeyd edib.

Çıxış yolu kimi isə o, “kreditlərin sağlamlaşdırılması”nı əsas həll mexanizmi kimi göstərib. Onun fikrincə, kommersiya bankları ilin sonuna qədər riskləri daha diqqətlə qiymətləndirməli, yeni kreditlərə daha ehtiyatla yanaşmalıdırlar. “Problemli kreditlər bankların likvidliyinə və dayanıqlılığına mənfi təsir göstərir. Ona görə də həmin kreditlərin sağlamlaşdırılması əsas prioritet olmalıdır,” – deyə o əlavə edib.