Güzəştli mənzillərlə bağlı sənədlərin qanuniliyinə yenidən baxıla bilər



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc güzəştli mənzillərlə bağlı son dəyişiklikləri şərh edərək bildirib ki, bu sahədə şəffaflıq məsələləri və qeyri-qanuni hallar ciddi nəzarətə götürülüb. Onun sözlərinə görə, əvvəllər müxtəlif kateqoriyalara aid olduğunu iddia edən şəxslərə güzəştli mənzillər təqdim olunsa da, indi bu hüquqların əsaslılığı daha diqqətlə yoxlanacaq.

Vüqar Oruc qeyd edib ki, bəzi hallarda sənədlərdə saxtakarlıq və ya əsassız iddialar nəticəsində vətəndaşlar güzəştli mənzillər əldə edib. “Əgər məhkəmə qaydasında həmin şəxsin aid olduğu kateqoriyanın saxta olduğu sübuta yetirilərsə, onların hüquqları ləğv oluna bilər”, – deyə o vurğulayıb.

Ekspertin sözlərinə görə, yeni dəyişikliklər vətəndaşların mənzil əldə etmək üçün götürdüyü öhdəlikləri də əhatə edir. Əgər vətəndaş əvvəlcədən mənzili öz hesabına əldə edəcəyini bəyan edibsə, daha sonra ona əlavə güzəştlər tətbiq olunmayacaq. “Bu dəyişikliklər imkan verəcək ki, güzəştli mənzillərin verilməsində sui-istifadə hallarının qarşısı alınsın”, – deyə Vüqar Oruc əlavə edib.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında yeni Fərman imzalanıb.