Bakı Enerji Həftəsi Azərbaycanın dünya enerji xəritəsindəki rolunu möhkəmləndirir



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən tədbirlərin Azərbaycanın beynəlxalq enerji əməkdaşlığında mövqeyini daha da möhkəmləndirdiyini bildirib.

Ekspertin sözlərinə görə, 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 30-cu "Baku Energy Forum" Azərbaycanın enerji gündəmindəki strateji rolunu bir daha beynəlxalq ictimaiyyətə nümayiş etdirir.

“Bu tədbirlərin həm miqyasına, həm də iştirakçı ölkələrin sayına görə əhatə dairəsi ölkəmizin enerji əməkdaşlığının coğrafiyasını genişləndirir, enerji siyasətimizə yeni imkanlar qazandırır”, – deyə Vüqar Oruc bildirib.

Onun fikrincə, tədbirdə Avropa İttifaqı, Asiya, Yaxın Şərq və Amerika regionlarından hökumət nümayəndələrinin, transmilli enerji şirkətlərinin və investorların iştirakı Azərbaycanın qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi mövqeyini təsdiqləyir.

“Enerji diplomatiyasının gücləndirilməsi baxımından Bakı Enerji Həftəsi müstəsna əhəmiyyət kəsb edir. Görüşlər, panel müzakirələri və ikitərəfli protokollar vasitəsilə Azərbaycanın enerji sahəsindəki əməkdaşlıqları dərinləşir", – deyə iqtisadçı vurğulayıb.

Vüqar Oruc əlavə edib ki, “Caspian Power” sərgisi yaşıl enerji texnologiyalarının təqdimatı baxımından xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, günəş, külək və hidroenerji sahələrində nəzərdə tutulan layihələr Azərbaycanın yalnız karbohidrogenlərə deyil, həm də alternativ enerji mənbələrinə əsaslanan dayanıqlı strategiya həyata keçirdiyini göstərir.

“Azərbaycanın 2050-ci ilə qədər karbon neytrallığı hədəfi istiqamətindəki səyləri bu sərgilərdə əks olunur. İnnovativ texnologiyaların təqdimatı və B2B görüşlər xarici investorlar üçün geniş imkanlar yaradır, bu da ölkənin enerji sektorunun rəqabət qabiliyyətini artırır”, – deyə AQC sədri bildirib.

Nəticə etibarilə, Vüqar Orucun sözlərinə görə, “Bakı Enerji Həftəsi” Azərbaycanın gələcəyə yönəlmiş, tərəfdaşlığa əsaslanan və açıq enerji strategiyasının bariz nümunəsidir və ölkəmizin dünya enerji xəritəsindəki rolunu daha da möhkəmləndirir.