Keçmiş məcburi köçkünlərə azad olunan ərazilərdə tikinti aparmaq üçün icazə veriləcək?



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc işğaldan azad olunan ərazilərdə fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məsələyə münasibət bildirib. Açıqlamasında o vurğulayıb ki, vətəndaşların yaşadıqları və ya qeydiyyatda olduqları ərazilərdə fərdi yaşayış evi tikmək hüququ Konstitusiya ilə təsbit olunub və bu hüququ heç kim onların əlindən ala bilməz.

Lakin Vüqar Oruc qeyd edib ki, söhbət işğaldan azad edilən ərazilərdən gedirsə, burada vəziyyət bir qədər fərqlidir. Onun sözlərinə görə, bu ərazilərdə yeni kəndlər və yaşayış məntəqələri eskiz layihələrə və planlara uyğun şəkildə salınır və inşaat prosesi müvafiq normativlərə əsasən aparılır:

"Bu kəndlər şirkətlər tərəfindən inşa olunur və müəyyən şərtlər və normativlər çərçivəsində həyata keçirilir. Əgər vətəndaşlar bu şərtlərə uyğun şəkildə ev tikmək öhdəliyini götürürlərsə, onlara bu hüquq tanına bilər."

Vüqar Oruc hesab edir ki, işğaldan azad olunan ərazilərin bərpası və inkişafı dövlətin nəzarəti ilə həyata keçirilməlidir. Onun fikrincə, bu yanaşma həm ərazilərin minalardan təmizlənməsi, həm də təhlükəsizlik və infrastruktur baxımından daha səmərəlidir:

"Əgər biz bu ərazilərdə müasir standartlara uyğun kəndlər inkişaf etdirmək istəyiriksə, bu prosesi vətəndaşların öz öhdəsinə buraxmaq böyük problemlərə səbəb ola bilər. Fərdi tikintilər ümumi mənzərəni poza və layihələrə uyğun olmaya bilər."

Sonda iqtisadçı əlavə edib ki, tikinti xərcləri ilə bağlı məsələlər ictimai müzakirəyə çıxarılmalı və mütəxəssislərin iştirakı ilə qiymətləndirilməlidir. Onun fikrincə, fərdi tikintiyə icazə vermək bu problemi həll etmir və daha geniş yanaşma tələb olunur.

Qeyd edək ki, deputat Razi Nurullayev Milli Məclisin iclasında keçmiş məcburi köçkünlərin işğaldan azad olunan ərazilərdə öz evlərini tikməsinə şərait yaradılmasını təklif etmişdi.