Azərbaycanda əmlak qiymətlərinin artması təkcə yerli səbəblərlə bağlı deyil, bu prosesin arxasında qlobal iqtisadi meyillər də dayanır. Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Ölkə.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, qlobal inflyasiya, dünya iqtisadiyyatında baş verən dəyişikliklər, büdcələrin böyüməsi, milli valyutalara təsir göstərən iqtisadi dalğalanmalar və demoqrafik dəyişikliklər əmlak bahalaşmasının əsas səbəbləridir:
“Əhalinin artımı torpaq sahələrinin azalması ilə nəticələnir və bu da torpağın təbii yolla bahalaşmasına gətirib çıxarır. Bundan əlavə, urbanizasiya prosesi də bu tendensiyanı gücləndirir. Əhalinin böyük hissəsi Bakıya axışdığı üçün burada daşınmaz əmlaka tələbat artır və qiymətlər yüksəlir”.
Vüqar Oruc qeyd edib ki, dövlətin sosial layihələri də daşınmaz əmlak bazarına təsirsiz ötüşmür:
“MİDA və İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən verilən güzəştli kreditlər bazarda alıcılıq qabiliyyətini artırır və bu da qiymət artımını sürətləndirir”.
O, həmçinin əlavə edib ki, Bakı şəhərinin 2040-cı il baş planına əsasən köhnə və zədəli binaların sökülməsi və yenilərinin tikilməsi də bazarı aktivləşdirir:
“Bu proses həm kompensasiyaların verilməsi, həm də vətəndaşların kirayə mənzilə yönəlməsi ilə qiymətlərə təsir göstərir”.
Qiymət artımına səbəb olan başqa bir faktor isə xaricdən gələn investisiyalardır. Vüqar Orucun sözlərinə görə, ölkədən kənarda yaşayan soydaşlarımız əldə etdikləri kapitalı ölkəyə yatırmağa üstünlük verirlər:
“İşğaldan azad edilən ərazilərimizdə investisiya təhlükəsizliyi artdığı üçün həm yerli, həm də xarici investorlar daha çox maraq göstərirlər”.
O, konkret olaraq Hövsan qəsəbəsində qiymət artımını da misal çəkib:
“Hövsanda son illərdə torpağın qiyməti təxminən 50 faiz artıb. 2015-2016-cı illərdə bir kvadratmetr 700-800 manat idisə, indi bu qiymətlər 70-80 faiz artıb. MİDA-nın Hövsanda tikdiyi 60 bina və ‘Hövsan City’ layihəsi bu bölgədə əmlak bazarına ciddi təsir göstərir. Layihənin 2 milyon kvadratmetr sahəni əhatə etməsi və beynəlxalq şirkətlərin cəlb olunması nəticəsində yaxın illərdə bu ərazidə qiymətlərin artacağı gözlənilir”.
Vüqar Orucun sözlərinə görə, bu tendensiya yalnız Hövsanla məhdudlaşmır, ölkənin digər bölgələrində də oxşar dinamika müşahidə olunur.