Son dövrlərdə dənizətrafı ərazilərdə yerləşən kirayə bağ evlərinin qiymətlərində kəskin bahalaşma qeydə alınıb.
2023 və 2024-cü illərlə müqayisədə bu kateqoriyaya daxil olan daşınmaz əmlakın qiyməti təxminən iki dəfə artıb.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucov bu bahalaşmanın əsas səbəblərindən biri kimi tələbin ildən-ilə artmasını göstərir. Onun sözlərinə görə, insanlar xaricə səfər etmək əvəzinə yerli istirahətə üstünlük verirlər. Bu isə xüsusilə dənizə yaxın ərazilərdə – Bilgəh, Buzovna, Şüvəlan, Mərdəkan və Novxanı kimi məkanlarda yerləşən bağ evlərinə marağın artmasına səbəb olur.
“Bağ evlərinə olan yüksək maraq qiymətlərə birbaşa təsir edir. Bu ərazilərdə yerləşən bəzi evlər hovuz, kinoteatr, tennis kortu kimi əlavə imkanlarla təchiz olunub ki, bu da onların dəyərini artırır”, – deyə Vüqar Orucov bildirib.