Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc ipoteka kreditlərinin hazırkı maksimal məbləğinin paytaxtın bir çox ərazilərində mənzil almağa kifayət etmədiyini bildirib. O qeyd edib ki, hazırda 180 min manat ipoteka krediti ilə Bakı şəhərinin mərkəzində və mərkəzə yaxın ərazilərdə mənzil tapmaq çətindir:
“Bu məbləğ konkret müəyyən yerlərdə 1, bəzi yerlərdə isə 2 otaqlı yeni mənzillər almağa imkan verir. Eyni zamanda bu qiymətə köhnətikili 2 otaqlı mənzillər tapmaq mümkündür. Fikrimcə, daha rahat alış imkanı təmin etmək üçün, gələcəkdə bu məbləğ 200 min manata qədər artırılmalıdır”, – deyə Vüqar Oruc vurğulayıb.
O, sosial layihələrdə məbləğ artımlarının mərhələli şəkildə həyata keçirildiyini qeyd edərək əlavə edib:
“Bir sıra dövlət layihələri var ki, vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasına yönəlib. İpoteka və Kredit Zəmanət Fondu, MİDA və digər layihələr bu qəbildəndir. Həmin layihələrdə məbləğlərin artırılması dövlətin büdcəsi və xərclərinə uyğun olaraq tənzimlənir. Azərbaycan yeni müharibədən çıxıb və hazırda Qarabağda infrastrukturun bərpası gedir. Bu səbəbdən ciddi maliyyə ehtiyacları var. Bütün bunları nəzərə alaraq, artımlar mərhələli qaydada həyata keçirilir.”
Vüqar Oruc daşınmaz əmlak bazarında qiymət artımının davam etdiyini vurğulayaraq bildirib ki, bu tendensiya fonunda ipoteka məbləğinin artırılması vacibdir:
“Nəzərə alsaq ki, daşınmaz əmlakların qiymətində çox ciddi artım baş verir, düşünürəm ki, bu istiqamətdə də yaxın gələcəkdə müvafiq addımlar atılacaq.”
Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondunun baş meneceri Rasim Abdullayev fondun xətti ilə verilən kreditlərin maksimal məbləğinin (150 min manat) artırılmasına zərurət olmadığını bəyan etmişdi.