Badamdarda 5 milyonluq villa almaq olarmı?



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Azərbaycanda bağ evləri və şəhər daxilində yerləşən villaların qiymətləri kəskin şəkildə artıb. Bu barədə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc məlumat verib.

Vüqar Orucun sözlərinə görə, hazırda bağ evləri əsasən 3–7 milyon manat arasında təklif olunur, şəhər daxilində yerləşən villaların orta qiyməti isə 5 milyon manat civarındadır.

“Ən yüksək qiymətlərə iki formada rast gəlinir. Birincisi, dənizə yaxın ərazilərdə – xüsusilə Bilgəh, Mərdəkan, Şüvəlan kimi məkanlarda yerləşən bağ sahələridir. Digəri isə şəhər daxilində, yəni Nəsimi, Nərimanov rayonları, Teymur Əliyev küçəsi, Həzi Aslanov qəsəbəsi və Hüseyn Cavid parkı ətrafı kimi ərazilərdə yerləşən fərdi yaşayış evləridir. Bu tip villalara Badamdar ərazisində də tez-tez rast gəlinir,” – deyə o bildirib.

Oruc qeyd edib ki, bu qiymətlərin formalaşmasında əsas rol oynayan amil yerləşmə yeridir: “Torpağın baha olması, eyni zamanda tikilinin keyfiyyət standartları – məsələn, futbol meydançası, tennis kortu, hovuz, sauna və digər hamam növlərinin olması – qiymətlərə birbaşa təsir göstərir.”

Ekspert əlavə edib ki, fərdi evlərin bir kvadrat metr üçün qiymətləri əvvəl 1000–1500, bəzi hallarda 2000 manat civarında idisə, indi bəzi ərazilərdə bu göstərici 3000–4000 manata qədər yüksəlib. O bildirib ki, ümumilikdə bütün növ əmlak bazarında baş verən qiymət artımı fonunda bağ evləri və villaların da dəyərinin artması təbii haldır.

“Ən yüksək qiymətə gəlincə, 10 milyon manata təklif olunan villalar da var. Hətta bir dəfə 20 milyon manata elan verilmişdi,” – deyə Vüqar Oruc əlavə edib.