Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc, Bakıdakı dəmir yolu xətlərinin mühafizə zolağında yerləşən qanunsuz tikililərlə bağlı mövcud vəziyyəti şərh edərək, bu cür tikintilərin ciddi təhlükə mənbəyi olduğunu bildirib.
O qeyd edib ki, dəmir yollarının mühafizə zolağında tikinti aparmaq qanunvericiliyə əsasən qəti qadağandır və bu məsuliyyət müvafiq icra qurumlarının üzərinə düşür:
“Buna müvafiq icra qurumları nəzarət etməlidir və həmin ərazilərdə tikinti işlərinin aparılmasına icazə verilməməlidir”, – deyə Oruc vurğulayıb.
AQC sədri xatırladıb ki, ötən il Nazirlər Kabinetinin verdiyi qərarla artıq qanunsuz tikililərin kommunal xidmətlərlə təmin olunması da qadağan edilib. Onun fikrincə, bu qərar preventiv addım kimi qanunsuz tikililərin qarşısını almaqda mühüm rol oynamalıdır:
“Hesab edirəm ki, bundan sonra bu istiqamətdə özbaşına fəaliyyətlərin qarşısı alınacaq”, – deyə o əlavə edib.
Vüqar Oruc mövcud vəziyyətdən çıxış yolu kimi ərazidəki sakinlərin köçürülməsini təklif edib:
“Nərimanov–Böyükşor və Bakı sərnişin dəmiryolu xətlərinin mühafizə zolağında yerləşən 161 qeyri-qanuni tikilinin köçürülməsi xərcləri hesablanmalıdır”, – deyə o bildirib.
Oruc həmçinin qeyd edib ki, bu tikililərin sökülməsi həm insan həyatı, həm də dəmir yolu infrastrukturunun təhlükəsizliyi baxımından zəruridir.