Qiymətləndirmə fəaliyyəti keyfiyyətcə yeni mərhələyə...



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Vüqar Oruc: "Qiymətləndirmə fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyur"

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse - prezidenti Vüqar Orucun müsahibəsi.

 - Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti, Azərbaycan Respublikasının Auditorlar Palatası və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının təşkilatçılığı ilə "Hesabatlılıq və şəffaflıq yeni dövrün çağırışları kontekstində" movzusunda forum keçirildi. Forumun yekunları ilə bağlı təəssüratlarınızı eşitmək maraqlı olardı.

- 2018 - ci ildən etibarən ölkəmizdə ardıcıl, çoxvektorlu və instusional islahatlar həyata keçirilir ki, hakimiyyət qolları, idarəetmə orqanları ilə yanaşı, bütün sahələr də bu islahatların nəticəsində yenilənib. Heç şübhəsiz bu islahatlar peşə birliklərinin də fəaliyyətindən yan ötməyib və assosiativ təşkilatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və digər dövlət qurumlarının fəal dəstəyi nəticəsində peşə birlikləri arasında əməkdaşlıq artıb. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti və Azərbaycan Respublikasının Auditorlar Palatası ölkəmizdə ilk peşə birliklərindən biridir.

Hələ ötən ilin iyulunda KOBİA - nın təşkilatçılığı "Audit və qiymətləndirmə" mövzusunda ictimai dinləmə keçirildi və bundan sonra ikitərəfli münasibətlərdə yeni mərhələ başladı. İlin sonunda isə qarşılıqlı fəaliyyətə dair əməkdaşlıq müqaviləsi imzaladıq. Müqavilədə gələcək fəaliyyət istiqamətlərinə dair mühüm məqamlar öz əksini tapıb. Məlumdur ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti və Azərbaycan Respublikasının Auditorlar Palatası ilə yanaşı, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası da oxşar sahələrdə fəaliyyət göstərən mütəxəssisləri öz ətrafında birləşdirir. "Hesabatlılıq və şəffaflıq yeni dövrün çağırışları kontekstində" movzusunda forum qarşılıqlı əməkdaşlığın artırılması, yüksəlməsi, qarşılıqlı fəaliyyətin kordinasiya edilməsi baxımından mühüm əhəmiyyətə malik tədbirdir.

- "Qiymətləndirmə fəaliyyəti haqqında" yeni qanun layihəsi qəbul edildi. Qanuna əsasən, Azərbaycan Qiymətləndiricilər Palatası təsis olunacaq və qiymətləndiricilər sertifikasiyadan keçəcəklər. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti qiymətləndirmə sektorundakı dəyişikliklərə necə hazırlaşır?

- 2022 - ci ilin mayında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat - seçki yığıncağında, hansı ki, həmin dövrdən etibarən cəmiyyətə rəhbərlik edirəm, yekun bəyanat qəbul edildi. Həmin bəyanatda "Qiymətləndirmə fəaliyyəti haqqında" qanunun qəbul olunması, Azərbaycan Qiymətləndiricilər Palatasının təsis olunması zərurəti öz əksini tapırdı. Bundan öncəki qanun 1998 - ci ildə qəbul edilimşdi və müasir dövrün çağırışlarına cavab vermirdi. Yeni qanun layihəsi İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə hazırlandı və bununla bağlı müzakirələrdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq biz də fəal iştirak etdik.

Burada haşiyəyə çıxaraq bir məqamı qeyd edim ki, 2008 - ci ilə qədər Azərbaycanda qiymətləndirmə sahəsində lisenziyalar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilirdi. Yalnız lisenziya aldıqdan sonra qiymətləndirmə şirkətləri fəaliyyət göstərə bilirdi. Sonradan lisenziyalaşdırma ləğv edildi. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti sertifikat imtahanları keçirməklə ayrı - ayrı şəxslərin və ya şirkətlərin bu sahədə fəaliyyətini tənzimləməyə başladı. Bazar müstəqilləşdi, bu sahənin tərəqqisi baş verdi. Qiymətləndirmə şirkətləri və qiymətləndiricilər arasında kordinasiya artdı, peşəkar qiymətləndiricilərin yetişdirilməsi və beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində ciddi addımlar atıldı. Lakin bəzi şirkətlər və ya qiymətləndiricilər inzibati təsir alətlərinin və özünütənzimləmə mexanizmlərinin olmamasından öz məqsədləri naminə sui - istifadə hallarına yol verdilər. Bu mənada yeni qanunda Azərbaycan Qiymətləndiricilər Palatası təsis olunması ilə bağlı məqamlar dövrün tələbi idi.

Təbii ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq qanunun qəbulundan sonra da bu prosesdə yaxından iştirak edirik. Yeni qaydalara əsasən, qiymətləndicilərin lisenziyalaşdırma imtahanları Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunacaq. Müvafiq dövlət qurumları ilə birlikdə sualların tərtibatı, texniki - təşkilati işlərin həyata keçirilməsi prosesində fəal iştirak etmək niyyətindəyik. Nəzərə alsaq ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti 1998 - ci ildən fəaliyyət göstərir və bu sahədə geniş təcrübəsi var, AQC - nin prosesdə yaxından iştirakı ümumi məqsədlərə nail olmaq baxımından labüd və faydalıdır.

- 2024 - cü ilin ilk günlərini yaşayırıq. Yola saldığımız il Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyətində hansı hadisələrlə yaddaqalan oldu?

- Yola saldığımız il Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyətində məhsuldar dövr oldu. Dövlət qurumları, özəl təsisatlar, beynəlxalq təşkilatlar, peşə birlikləri, vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri ilə ənənəvi təmaslarımızı davam etdirdik. Bir çox qurumlarla, eləcə də beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq müqavlilələri imzaladıq. Qiymətləndirmə sektorunun inkişafı istiqamətində müxtəlif layihələr keçirdik. Eyni zamanda peşəkar qiymətləndiricilərin yetişdirilməsi sahəsində də ciddi uğurlar qazandıq. Daşınar və daşınmaz əmlakın qiymətləndirməsinə dair kurslar və sertifikasiya imtahanları təşkil etdik. Türkiyənin nüfuzlu Ankara Universiteti ilə müqavilə imzalanması razılaşdırıldı və Azərbaycandakı ali təhsil müəssisələri ilə qiymətləndirmə ixtisasının yaradılması istiqamətində fəal müzakirələrə start verdik.

Daha bir önəmli hadisə isə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın tamhüquqlu, Türkmənistanın və Şimali Kipr Türk Cümhuriyyətinin isə assosiativ üzv qismində qatıldığı Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis olunması ilə bağlıdır. Bununla bağlı müzakirələrə 2022 - ci ilin sonundan start verilsə də, 2023 - cü ilin aprel ayında Bakıda Türk Dövlətləri qiymətləndicirilərinin "Zirvə görüşü"nü, iyun ayında isə Qazaxıstanın Türküstan şəhərində təsis yığıncağını keçirdik. Noyabr ayında Ankarada növbəti "Zirvə görüşü" baş tutdu. 2024 - cü ilin may ayında birliyin Bakıda "Zirvə görüşü" keçiriləcək. Qeyd edim ki, hazırda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri olaraq mən, TDQB - nin vitse - prezidentiyəm. May ayında prezidentlik səlahiyyətləri mənim timsalımda Azərbaycana, vitse - prezidentlik səlahiyyətləri isə Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyinin sədri Yaşar Bahçecinin şəxsində Türkiyəyə dövr ediləcək.