Putin üçün “əcəl zəngi”: oliqarxların üsyanı başlayır



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

İqtisadçı ekspert Vüqar Oruc AYNA-ya açıqlamasında Rusiyada baş verənləri Sovet İttifaqının süqutuna bənzədib: “Ötən əsrin 80-ci illərində SSRİ-nin ictimai-siyasi, iqtisadi və mənəvi həyatında böhran yaşanmağa başladı. Elmi-texniki tərəqqinin ləngiməsi, infrastrukturun zəifliyi, təbii ehtiyatlar hasilatının çətinləşməsi və bahalaşması, maddi ehtiyatlar qıtlığının meydana gəlməsi və eyni zamanda SSRİ-yə qarşı ardıcıl sanksiyalar nəticəsində bu nəhəng imperiya tarixə qovuşdu. Əslində Qərbin məqsədi Sovet İttifaqını çökdürmək deyildi. Çünki ABŞ və Böyük Britaniya üçün bu, kifayət qədər riskli qərar idi. Qərb dairələri SSRİ-yə demokratik dəyərləri gətirməyi və bu yolla onu nəzarətə almağı 15 ölkəni ayrı-ayrılıqda idarə etməkdən daha məqsəduyğun görürdü. Lakin Sovet İttifaqının müqaviməti və xalqların azadlıq tələbləri imperiyanın süqutunu qaçılmaz etdi”.

“Bu gün Rusiyada baş verənlər oxşardır. İctimai-siyasi, iqtisadi və mənəvi böhran yaşanır. ABŞ və Avropanın sərt embarqoları, onsuz da çətin şərtlər altında yaşayan rus xalqının etiraz potensialını artırır. Düzdür, Kreml hələlik inzibati yollarla bunun qarşısını alır, lakin bu, uzun müddət belə davam etməyəcək”, - deyə müsahibimiz vurğulayıb.

Onun fikrincə, Vahid Ələkbərovun “Lukoil”dan gedişi bir başlanğıcdır: “Məlumdur ki, onun gedişinin əsas səbəbi Qərbin ona qarşı tətbiq etdiyi sanksiyadır. Cəmi bir neçə ayın içərisində 15 milyard dollar pul itirib. Kapitalizm dövrünün oliqarxına bundan artıq zərbə ola bilməz. O, sərvətini itirir, uğrunda çalışdığı dövləti isə ona heç bir dəstək göstərə bilmir. Təsəvvür edin ki, Vahid Ələkbərov öz sahəsində dərin biliklərə və təcrübəyə malik bir iş adamıdır. Rusiyaya yeni Vahid Ələkbərov yetişdirmək üçün ən azı 15 il zaman lazımdır. Ukrayna təcavüzündən bəri Rusiya yalnız itirir. İqtisadiyyat tənəzzülə uğrayır, beynəlxalq münasibətlər sistemindən təcrid olunur, sosial partlayışı şərtləndirəcək proseslər gedir. Artıq Kremlin imperiya və postsovet dövlətlərini nəzarətə almaq vədləri də daxili auditoriyanı sakitləşdirmir”.

“Hələlik proses oliqarxlardan başlayıb. Bu gün Abramoviç, Ələkbərov, sabah Potanin, Mixelson, Mordaşov, Lisin, Nisanov və s. “Bu xəmir hələ çox su aparacaq”. Şübhəsiz ki, yekunda Rusiya çökəcək - ya özü batacaq, ya da imperalist Putin rejimi. Bu iki seçimdən birini etməyin zamanı gələcək. O zaman yəqin ki, ruslar ikinci seçimin üzərində dayanacaqlar. Ancaq Rusiya nəhəng dövlətdir və onun qısa müddətdə çöküşünü gözləmək sadəlövhlük olardı. Yəqin ki, bunun baş verməsi 5-10 il çəkəcək”, - deyə Oruc fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev