Azərbaycanın idxaldan asılılığı: Kənd təsərrüfatı sahəsinə çox...



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Azərbaycanın idxaldan asılılığı: Kənd təsərrüfatı sahəsinə çox ciddi investisiya qoyulmalıdır.

“İnvestorlar və yerli sahibkarlarda yeni iş yerlərinin yaradılması üçün stimul olmalıdır”.

Bu sözləri Azərbaycanın istehlak bazarının idxaldan asılılığının səviyyəsini dəyərləndirən “VECON CONSULTING” şirkətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc Yenicag.az-a müsahibəsində deyib.

Sözügedən müsahibəni təqdim edirik:

– Azərbaycanın idxaldan asılılığı ilə bağlı vəziyyət necədir?

– Bu gün istehlak bazarının idxaldan asılılığı yüksəkdir. Bunun səbəbi postsovet dövründə bir çox zavod və fabriklərin öz işini dayandırması ilə bağlıdır. İş yerlərinin azalması nəticəsində müəyyən müddət ərzində ölkə bazar iqtisadiyyatına keçidlə bağlı problemlər yaşadı. Bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv amillər ondan ibarətdir ki, Azərbaycan Qarabağ uğrunda mübarizə aparırdı. Torpaqlarımızın işğal olunması çoxsaylı qaçqın və köçkünlərin yaranmasına səbəb olduı. Nəticədə, ölkə iqtisadiyyatı çox ciddi zərbə ilə üzləşdi. Digər tərəfdən, neft gəlirləri istiqamətində də addımlar atıldı. Əldə olunan gəlirlər ilkin dövrdə yeni iş yerlərinin, istehsal sahələrinin yaradılmasından daha çox müharibənin vurduğu ziyanların qarşılanmasına sərf olundu.

– Son dövrlər idxaldan asılılıqla bağlı problem həll olunmaqdadır. Bu bizə nə verəcək?

– Ölkədə yeni iş yerlərinin açılması, yeni zavod və fabriklərin yaradılması istiqamətində müvafiq qurumlarla yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyəti danılmazdır. Bu addımlar davamlı olacaq və idxaldan asılılığın aradan qaldırılmasına zəmin yaradacaq. Çünki idxaldan asılılığın qarşısını almaq məhz yeni istehsal sahələrinin yaradılmasıdır. Bir ölkənin müstəqilliyinin əsas atributu ordu və təhlükəsizlik qüvvələri ilə yanaşı, eyni zamanda, ərzaq və iqtisadi təhlükəsizlikdir. Əgər bir dövlət digər ölkələrdən asılıdırsa, istənilən zaman məğlub ola bilər. Ona görə də Azərbaycan hökuməti hazırda birmənalı şəkildə iqtisadi cəhətdən tam asılılığı aradan qaldırmaq üçün addımlar atır. Onu da qeyd edim ki, müasir dövrümüzdə dövlətlərarası inteqrasiya mövcuddur. Bu inteqrasiya iqtisadi istiqamətdə də özünü göstərir. Yəni bir məhsulun əmələ gəlməsi üçün onun komponentləri bir neçə dövlətdən əldə olunur. Bu, təbiidir. Çünki istehsal və iqtisadi sferada əməkdaşlıqlar mövcud olmalıdır. Sadəcə bir dövlətin başqa ölkədən az komponent alması daha çox ərzaq məhsulları istehsal etməsinə imkan yaradır.

– Azərbaycan idxaldan birmənalı şəkildə imtina edə bilərmi?

– Azərbaycanda idxaldan asılılığın azaldılması mümkün olsa da, birmənalı imtina etmək alınmaz. Çünki dünya inteqrasiya dövrünü yaşayır və bu məsələnin tam mənada aradan qaldırılması real görünmür. Sadəcə yeni istehsal müəssisələrinin açılması idxaldan asılılığı azalda bilər. Məlumdur ki, Azərbaycanda əsas xammal neft və neft məhsullarıdır. Bu baxımdan, neft məhsullarının emalını həyata keçirən müxtəlif zavodların açılması da məqsədəuyğun olar. O cümlədən, kənd təsərrüfatı sahəsinə çox ciddi investisiya qoyulmalıdır. Bu, gündəlik ərzaq məhsullarının tələbatını ödəmək üçün əhəmiyyətlidir.

– Sahibkarlara göstərilən diqqəti qənaətbəxş hesab edirsinizmi?

– Sahibkarlara ciddi dəstək verilməli və bu addım çox şəffaf şəkildə həyata keçirilməlidir. İndiyə kimi ayrı-ayrı təşkilatlar tərəfindən sahibkarlara dəstək nümayiş olunub. Bu iş dövlətin əsas iqtisadi proqramı çərçivəsində həyata keçirilib. Bu dəstəyin inkişaf etdirilməsi vacibdir. Yerli sahibkarlarla yanaşı, xaricdən gələn investorların ölkə iqtisadiyyatına yatırımına diqqət göstərilməlidir. İnvestorlar və yerli sahibkarlarda yeni iş yerlərinin yaradılması üçün stimul olmalıdır.

– Ərzaq məhsullarının bahalaşması hansı səviyyəyə qədər davam edə bilər?

– Əslində, ərzaq məhsullarının bahalaşması yenə gözlənilir. Bu təkcə Azərbaycan səviyyəsində olan vəziyyət deyil. Dünya bazarında da bahalaşma yaşanır. Əhalinin ərzaq bahalaşmasından qorunması üçün alternativ istehsal mənbələri formalaşmalıdır. Bununla yanaşı, aztəminatlı ailələrin ərzaq təminatının ödənməsi üçün müxtəlif sosialyönlü tədbirlərin həyata keçirilməsi vacibdir. Elə şərait yaradılmalıdır ki, vətəndaşlar gündəlik ərzaq tələbatlarını özləri ödəyə bilsin. Ümumilikdə, qiymət artımının hansı səviyyəyə qədər artacağı barədə dəqiq fikir söyləmək çətindir.