Azərbaycan 2021-ci ili nələrlə başa vurdu və 2022-ci ildən...



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Azərbaycan 2021-ci ili nələrlə başa vurdu və 2022-ci ildən gözləntilər.

Acılı-şirinli dünəndən ümidli - narahat sabaha: yaşadıqlarımızdan nəticə çıxaracağıqmı?

2021-ci ili başa vurduq. Ötən il ölkəmizin və dünyanın həyatında mühüm hadisələrlə yadda qaldı. Koronavirus pandemiyası bu il də davam etdi və Azərbaycanda minlərlə can aldı, milyonlarla insan virusun yeni ştamlarına yoluxdu.

Azərbaycan üçün Şuşa Bəyannaməsinin imzalanması, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, yeni iqtisadi rayonların, o cümlədən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması, eləcəd də Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında üçtərəfli bəyanatlar imzalanması ilin vacib hadisələri sırasında yer aldı.

AYNA 2021-ci ilin siyasi, iqtisadi və xarici əlaqələr sahəsində hansı önəmli hadisələrlə tarixə düşdüyünü və cari ildən gözləntiləri eksperlərlə müzakirə edib.

İlin iqtisadi yekunlarını şərh edən iqtisadçı ekspert Vüqar Oruc söyləyib ki, Azərbaycan bu günə qədər neft ölkəsi olaraq dünyada tanınırdısa, artıq qaz ölkəsi olaraq tanınmağa başlayıb: "Bilirsiniz ki, Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına illik 32-34 milyard kubmetr qaz nəql etmək mümkündür. Azərbaycanın isə illik istehsal gücü 11 milyard kubmetrdir. Yeni yataqların da mövcud olduğunu və gələcəkdə işlənə biləcəyini nəzərə alsaq, bu rəqam arta bilər. Bu kəmər Azərbaycanın tranzit ölkə rolunda çıxış etməsinə zəmin yaardır. Azərbaycan-Türkmənistan və İran arasında imzalanan saziş bu iki qaz hasil edən ölkənin Azərbaycan vasitəsilə Avropa bazarlarına çıxışını təmin edəcək".

Müsahibimiz qeyd edib ki, bu gün biz dörd Avropa dövlətini mavi yanacaqla təmin edirik: "Yaxın gələcəkdə Şərqi Avropa dövlətlərinin hesabına bu ölkələrin sayı artacaq. Bütün bunlar kifayət qədər ciddi uğurlardır. Həm Azərbaycanın regional əhəmiyyətini artırır, həm də yaxın gələcəkdə vətəndaşların rifah halının yüksəlməsinə səbəb olacaq".

"Daha bir ciddi uğur isə 44 günlük Vətən müharibəsində işğaldan azad olunan torpaqlarımızda yenidənqurma işlərinin aparılması ilə bağlıdır. 2021-ci ildə olduğu kimi, 2022-ci ilin dövlət büdcəsindən də bu məqsədlə 2,2 milyard manat vəsait ayrılıb. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, beynəlxalq əhəmiyyətli daha iki aeroportun tikilməsi, azad olunan ərazilərin minalardan təmizlənməsi, infrastrukturun yaradılması istiqamətində həyata keçirilən zəruri addımlar 2021-ci ildə əldə etdiyimiz mühüm iqtisadi uğurlar sırasındadır", - deyə iqtisadçı vurğulayıb.

Onun fikrincə, 2022-ci ildə ölkəmizin iqtisadi həyatında bir sıra yeniliklərin baş verəcək: "İqtisadiyyat naziri Mikayıl Cabbarovun da söylədiyi kimi, 2022-ci ildə Azərbaycanda investisiya fəallığının artması, eyni zamanda inflyasiyanın 6 faizdən 4,6 faiz həddinə qədər enəcəyi ehtimal olunur".

Oruc qeyd edib ki, 2021-ci ildə inflyasiya səviyyəsinin yüksək olması, kommunal tariflərin bahalaşması mənfi məqamlardandır: "Baxmayaraq ki, koronavirus pandemiyasından digər dövlətlərlə müqayisədə daha az zərərlə çıxa bildik, pandemiyasonrası kommunal tariflərin artırılması sosial problemlərə səbəb oldu. Yaxşı olardı ki, hökumət bu kimi addımlara ya getməsin, ya da bunun neqativ təsirlərinə qarşı mübarizə tədbirləri həyata keçirilsin. Digər yandan, ötən əsrin 90-ci illərinin sonlarında özəlləşdirmə çekləri almış vətəndaşların sosial mediada hərəkat yaratması, ziyalıların tədavül müddətinin artırılması ilə bağlı çağırışları mülkiyyət hüquqları məsələsini də gündəmə gətirdi. Hesab edirəm ki, 2022-ci ildə vətəndaşların sosial rifah halının yüksəldilməsi istiqamətində daha ciddi addımlar atılmalıdır və ümid edirəm ki, biz buna şahid olacağıq".