Şəffaf iqtisadiyyat: Azərbaycanda elektron ticarətin inkişafı...



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Şəffaf iqtisadiyyat: Azərbaycanda elektron ticarətin inkişafı nələrdən aslıdır?

Son illər Azərbaycanda rəqəmsal ödənişlərin artırılması ilə nağdsız cəmiyyətə keçid sürətlənib. Pandemiya dövründə biz nağdsız ödənişlərin miqdarının xeyli artdığının şahidi olduq. Ekspertlər hesab edir ki, qara iqtisadiyyatın qarşısının alınması üçün elektron alış-verişi inkişaf etdirmək şərtdir. Nağdsız ödənişlərin genişləndirilməsi üçün dövlət orqanları və bank sistemi tərəfindən müəyyən stimullaşdırıcı tədbirlər həyata keçirilməkdədir.

Maraqlıdır, bundan sonra nağdsız ödənişlərin miqyasını daha böyütmək üçün nə etməliyik?

Mövzu ilə bağlı iqtisadçı Vüqar Oruc Editor.az-a bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitunun direktoru Nazim İmanovun təbirincə desək, Azərbaycan xalqının çoxəsrlik fikrində belə bir məqam var ki, "kişinin pulu göz önündə olar":

"Bu baxımdan Azərbaycan əhalisini elektron hesablaşmalara və ödənişlərin qeyri-nağd yolla aparılmasına tam alışdırmaq problemlidir. Lakin buna baxmayaraq bu proses başlayıb. Artıq bank kartları vasitəsilə elektron ödənişlərin həyata keçirilməsi mümkündür. İri supermarketlərdə əhalinin böyük əksəriyyətinin məhz nağdsız ödəmələrə üstünlük verdiyini biz görürük. Hərkəsə maraqlı olan sual odur ki, necə etmək lazımdır ki, nağdsız ödənişlər daha geniş tətbiq olunsun və nağdsız hesablaşmalar dominantlıq təşkil etsin?Nağdsız ödəmələrin ölkə iqtisadiyyatına çox böyük müsbət təsirləri var. Çünki real pul kütləsi ortada olmadıqda bu ölkə iqtisadiyyatının tənzimlənməsində, o cümlədən pul-kredit siyasətinin düzgün idarə olunmasında müstəsna əhəmiyyətə malik məsələyə çevrilir. Eyni zamanda, iqtisadi təhlükəsizlik məsələsi baxımından da valyutanın stabilliyini qorumaq daha asanlaşır. Elektron ödəmə vətəndaşlar üçün ödəniş, alış- veriş proseslərini asanlaşdırmış olur. Müxtəlif dövrlərdə dövlət büdcəsində real pul qıtlığı yaranma ehtimalının aradan qaldırılmasında da ödənişlərin böyük əksəriyyətinin nağdsız yolla həyata keçirilməsi mühüm rol oynayır. Ona görə də ölkələrin iqtisadi struktur və qurumları nağdsız ödənişlərə daha çox üstünlük verir və dövlət qurumları birmənalı olaraq nağdsız ödənişlər həyata keçirirlər. O cümlədən, ayrı-ayrı şirkətlər və vətəndaşlar da stimullaşdırılır ki, öz əməliyyatlarını nağdsız yolla etsin. Xalqımızın etikasında "kişinin var- dövləti göz qabağında olar" prinsipi olsa da eyni millət olduğumuza görə qonşu ölkə Türkiyəyə nəzər yetirməliyik. Türkiyə də eyni xalqdır və köklərimiz birdir. Buna baxmayaraq Türkiyə cəmiyyəti birmənalı şəkildə nağdsız ödənişlərin tərəfdarıdır və bu, Türkiyədə daha çox inkişaf edib".

Vüqar Oruc hesab edir ki, Azərbaycanda bu sahədə stimullaşdırıcı addımlar yetərli deyil:

"Məsələn, bir çox banklar ödənişləri müxtəlif dövrlərə bölməklə hissə-hissə ödənilməsini təmin edərək ödənişlərin nağdsız edilməsini mümkünləşdirən kartlar istehsal edirlər. Bu kartlar hal-hazırda cəmiyyətdə çox dəbdədir və bundan istifadə edənlərin sayı günü-gündən artır. Amma bu kartlardan istifadə hüququn verilməsi ilə bağlı müəyyən məhdudiyyətlər var. Məncə bu məhdudiyyətlər aradan qaldırılmalıdır. Hər bir vətəndaş üçün belə kartlardan istifadə əlçatan olmalıdır ki, rahat şəkildə kartla onlayn şəkildə alış-veriş etsin. Digər tərəfdən kartlarla alış-veriş etdikdə stimullaşdırıcı təkliflər olmalıdır. Məsələn, bonuslar mexanizmi, müəyyən sürpriz gəlirlik əməliyyatları.. Bu tipli stimullaşdırıcı tədbirlər həyata keçirməklə daha çox kartdan istifadəni artırmaq olar. Bir problem isə rəqəmsal elektron ödənişlərin həyata keçirilməsi zamanı təhlükəsizlikdən qaynaqlanır. Bu gün Azərbaycanda istifadəçilərin sayı artığı halda bu problem daha çox üzə çıxır. Yəni, əgər pul nağd olursa, ödəniş zamanı pulumuzu yalnız oğrular vasitəsilə itirə bilərik, amma elektron ödənişləri həyata keçirdikdə bunu elektron oğrular vasitəsilə itirmiş oluruq. Təhlükəsizlik tədbirləri də müvafiq strukturlar tərəfindən təmin edilməlidir ki, insanlar maksimum dərəcədə elektron, nağdsız ödənişlərə üstünlük verməyə hazır olsunlar. Nağdsız ödənişlərin dövlət və cəmiyyət üçün nə qədər xeyirli olduğunu barədə maarifləndirmə işi aparılmalı, bununla paralel stimullaşdırıcı təkliflər olmalıdır ki, insanlar məhz nağdsız ödənişə üstünlük versinlər. Ancaq bəzən yerli vəziyyətdən aslı olaraq ortaya müəyyən problemlər çıxır. Məsələn, hər bir vətəndaş üçün hiper və supermarketlərdə alış-veriş etmək əl çatan deyil. Bəzi insanlar daha çox üstünlük verirlər ki, yaşadıqları əraziyə daha yaxında olan kiçik marketlərə müraciət etsinlər. Bu zaman həmin marketlər də bu və ya digər səbəblərdən elektron ödəniş vasitələrindan, post terminallardan istifadə etmirlər. Ona görə də vətəndaşlar məcbur olur ki, nağd ödənişə keçsin. Eyni zamanda, nəzərə almaq lazımdır ki, əhalinin çox hissəsi kartla maaş almır. Ona görə də bu da bir məhdudiyyət yaradır . Bu iki amil sırf yerli problemlə əlaqədardır. Biz hələ də işə götürən sahibkarlara aşılıya bilməmişik ki, hər şey rəsmi olmalıdır, maaşlar kartla ödənilməlidir. Hər bir işçinin kartı olmalıdır. Problem kompleks şəkildə həll edilməlidir. Əgər biz nağdsız ödənişlərə keçiriksə, heç bir istiqamətdə boşluq qalmamalıdır. Maaşlar kartla verilməli, bütün mağazalarda məcburi kartla ödəniş vasitələri tətbiq olunmalıdır ki, nağdsız yolla hesablaşmalar mümkün olsun".

İqtisadçı ekspertin sözlərinə görə, ölkədə nağdsız ödənişlərlə bağlı maarifləndirmə işi yüksək səviyyədə aparılmadığı üçün maaşı kartla alan şəxs dərhal onu nağdlaşdırır:

"Cəmiyyətdə maarrifləndirmə aparılmalıdır ki, maaş kartdadırsa bu, daha təhlükəsizdir. Vətəndaş üçün şərait yaradılmalıdır ki, kartdan istənilən istiqamətdə ödəniş edə bilsin. Eyni zamanda, onun nağdsız məbləği daha səmərəli və təhlükəsizdir. Məlum məsələdir ki, mağazadan alış-veriş etdikdə qalıq 1-3 qəpiyi çox insan götürmür. Amma kartda belə bir şey yoxdur. Ödənişlər tam ədalətli şəkildə həyata keçirilir. Bunlar vətəndaşın ümumiyyətlə itkiyə uğramamasına gətirib çıxarır. Nağdsız alış-verişin pandemiya dövründə də yararlılığının şahidi olduq. İnsanlar mağazalar getmədən qapıda ödəmə edərək çölə çıxmamaqla öz sağlamlığının daha çox qeydinə qaldı".