Virus qiymətləndirmə şirkətlərini pulsuz qoyub...



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Virus qiymətləndirmə şirkətlərini pulsuz qoyub.

Dünyanı təhdid edən pandemiya özəl sektora da təsirsiz ötüşmür.

Bir tərəfdən neftin ucuzlaşması, digər tərəfdən də geniş karantin tədbirləri özəl sektoru çətinliklər qarşısında qoyub. Koronavirus pandemiyası dövründə Azərbaycan Qiymətləndirmə Cəmiyyətinə daxil olan şirkətlərin fəaliyyətində də çətinliklər yaranıb. Karantin dövründə bir çox maliyyə qurumları və xidmət sahələri icazəli fəaliyyət göstərsələr də, qiymətləndirmə şirkətlərinə bu hüquq tanınmayıb. Bu səbəbdən həmin şirkətlər və orada çalışan işçilər müəyyən qədər böhranla üzləşib.

sosium.az xəbər verir ki, Azərbaycan Qiymətləndirmə Cəmiyyətinin İdarə Heyətinin sədr müavini, "VECON CONSULTING" qiymətləndirmə, layihələndirmə və rieltor şirkətinin direktoru Vüqar Oruc böhran və karantin vəziyyətinin bütün özəl sektora öz təsirini göstərdiyini deyib:

"Bu, təkcə özəl sektora deyil, ölkə iqtisadiyyatına da öz təsirini göstərib. Həm ölkə iqtisadiyyatının, həm də biznesin hazırda ciddi problemləri meydana çıxmaqdadır. Düzdür, dövlət tərəfindən müəyyən dəstək proqramları həyata keçirilir. Biznesin ayaqda durmasına yardımlar edilir. Təbii ki, biznesin ciddi zərbə alması və özəl sektorda işlərin azalması bütün qurumlar kimi, qiymətləndirmə şirkətlərinə də təsirsiz ötüşməyib. Pandemiya ilə əlaqədar bir çox banklar öz fəaliyyətinə müəyyən fasilə veriblər. Biznes kreditlərinin verilməsində müəyyən məhdudiyyətlər üzə çıxıb. Elə sahələr var ki, onlara yeni kreditlərin verilməsi mümkün olmur. Mövcud riskləri nəzərə alaraq banklar bu kreditləri vermir. Bütün bunlar son nəticədə qiymətləndirmə işlərinin sayının azalmasına gətirib çıxarır".

Vüqar Oruc qeyd edib ki, rəhbərlik etdiyi qurum və Azərbaycan Qiymətləndirmə cəmiyyəti dövlət orqanlarına müvafiq bəyanatla çıxış edib:

"Bu müraciətdə qeyd olunub ki, mövcud vəziyyətdə ən çox zərər görən məhz qiymətləndirmə şirkətləridir. Kommersiya banklarının kreditlərinin verilməsində yaranmış fasilə istər - istəməz öz təsirini göstərir. Hesab edirəm ki, karantin rejiminin şərtləri yumşaldıqca, ölkəmiz karantindən çıxdıqca problemlər həll olunacaq. Təbii ki, birdən - birə də bu problemlərin həll edilməsini gözləmək də sadəlövhlük olardı. Çünki ölkə iqtisadiyyatının bu qədər ziyan gördüyü bir vaxtda o ziyanın ödənilməsi, problemlərin aradan qaldırılması asan olmayacaq. Zərbə bütün dünya iqtisadiyyatına dəyib. Mövcud pandemiya durumundan çıxmaq üçün müəyyən qədər zaman lazım olacaq. Karantindən sonra da 1 - 2 il ərzində bu problemlər mövcud olaraq qalacaq. Əlbəttə ki, Azərbaycan hökuməti də mövcud vəziyyətdən narahatdır. Hər vəchlə çalışır ki, həm aztəminatlı sosial təbəqələrə, həm də biznes dairələrinə müəyyən qədər dəstək dursun". AQC rəsmisi əlavə edib ki, hazırda sahibkarların əsas problemi işçilərə əməkhaqqının verilməsidir: "Qarşımızda duran əsas məsələ şirkətlərin qorunması, işçilərin sosial rifah şəraitinin qorunub saxlanmasıdır. Mövcud baza ehtiyatlarımız və əvvəlki aylarda əldə etdiyimiz müəyyən mənfəətlər hesabına işçilərimizi qoruyuruq, onların əziyyət çəkməməsinə çalışırq. Bu gün qiymətləndirmə şirkətlərinin qarşısında başlıca duran vəzifə ziyanlara və işin azalmasına baxmayaraq, işçilərimizi qorumaq, bazarın mövcudluğunu saxlamaq və post - pandemiya dövrünə həm fiziki baxımdan sağlam, həm də maddi baxımdan normal getməkdir. Qiymətləndirmə şirkətinin kontingentində təqribən 500 - 600 arası işçi var. Çalışırıq ki, onların sosial problemləri qabarmasın, maaşlarını stabil olaraq ala bilsinlər. Bununla bağlı tez - tez video - toplantılar keçirilib Qiymətləndirmə Cəmiyyəti çərçivəsində vəziyyəti müzakirə edirik. Əlimizdən gələn, hələki bu istiqamətdə müzakirələrin davam etməsi və keçmiş resurslar hesabına şirkətlərin qorunmasıdır. Çünki hökumətin də birmənalı mövqeyi ondan ibarətdir ki, iş yerləri bağlanmamalı, bu iş yerləri qorunub saxlanılmalıdır. Bu baxımdan işçilərimizin ixtisar olunmamasına, minimum olaraq maddi ehtiyaclarının ödənməsinə çalışırıq və ümid edirik ki, bu dövr çox davam etməyəcək".