“Vecon Consulting” rəhbərliyi və AQC sədri Naxçıvanda Beynəlxalq Qiymətləndirmə Mərkəzini ziyarət ediblər
“Vecon Consulting” şirkətinin direktoru Asif İbrahimov və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc Naxçıvan Muxtar Respublikasına işgüzar səfərləri çərçivəsində Beynəlxalq Qiymətləndirmə Mərkəzinin (BQM) yerli ofisində olublar.
Görüşdə muxtar respublikada qiymətləndirmə fəaliyyətinin mövcud vəziyyəti, bu sahədə beynəlxalq standartların tətbiqi və peşəkar kadr hazırlığı məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Həmçinin Naxçıvanda artan iqtisadi aktivlik fonunda qiymətləndirmə xidmətlərinə yaranan tələbatın təhlili, Beynəlxalq Qiymətləndirmə Standartlarının (IVS) yerli bazarda tətbiqi, yerli mütəxəssislərin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi və AQC tərəfindən həyata keçirilən layihələrin regionda icrası müzakirə olunub.
AQC sədri Vüqar Oruc bildirib ki, regionda fəaliyyət göstərən qiymətləndiricilərin vahid platformada birləşməsi və müasir metodologiyaların mənimsənilməsi investisiya mühitinin şəffaflığı üçün mühüm əhəmiyyət kəsb edir.
“Vecon Consulting” direktoru Asif İbrahimov isə regiondakı peşəkar şəbəkənin genişləndirilməsinin vacibliyini vurğulayaraq, bu istiqamətdə Beynəlxalq Qiymətləndirmə Mərkəzi ilə əməkdaşlığın səmərəli olacağını qeyd edib.




