Uzunmüddətli gəlir üçün ən doğru seçim hansıdır: Qızıl, yoxsa torpaq?
Maliyyə dünyasında fərqli yatırım vasitələri arasında qızıl və torpaq sahələri uzun müddətli və nisbətən etibarlı yatırım seçimləri olaraq tanınır. Hər iki yatırım növü özünəməxsus üstünlüklərə və risklərə malikdir. Gələcəyə yatırım etmək üçün bəzi şəxslər qızıla, bəziləri isə torpaq – ev almağa üstünlük verirlər. Qızıl tarix boyunca sərvət qoruma vasitəsi kimi istifadə olunub. Torpaq sahələri isə uzun müddətli və stabil yatırım hesab olunur.
Bəs hansına yatırım edək?
“Həm qızıla, həm də torpağa tarixən qiymətlərini itirməyən xüsusiyyətlərinə görə, eyni cür münasibətlə yanaşılıb. Torpağın qiyməti azalmır, qızılın da qiyməti yalnız artan templə davam edir”.
Bu fikirləri açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.
“Makro-iqtisadi göstəricilərə görə bəzi dövrlərdə, məsələn pandemiya zamanında qızılın qiymətində müəyyən qədər enmələr müşahidə olunub. Amma daşınmaz əmlakın bir xüsusiyyəti var ki, insan yaşadıqca, çoxaldıqca bazarda bununla bağlı milyonlarla yeni tələb meydana gəlir. Daşınmaz əmlak təkcə passiv gəlir mənbəyi olmaqla məhdudlaşmır, eyni zamanda torpağın üzərində tikinti işləri aparılarsa, həmin obyektlər icarəyə verilib, gəlir də əldə edilə bilər”.
V.Oruc qeyd edib ki, 2025-ci ilədək qızılın qiymətində artım 50% civarında olub. Buna baxmayaraq, daşınmaz əmlaka investisiya yatırmaq istiqamətindəki fəaliyyət çox aktuallaşıb:
“Bu, gələcək narahatlıqları ifadə edən bir amildir. Bu gün qızıl və torpaq alıb bahalaşmasının gözləmək xaraktercə eyni addımdır. Bunlar passiv gəlir əldə etmək metodudur. Qeyd edim ki, daşınmaz əmlak, məsələn torpaq əldə edib onun üzərində tikililər inşa edərək icarəyə vermək daha məqsədəuyğundur. Həmçinin vərəsəlik hüququyla bir nəsildən digərinə ötürülür. İnsanların təbii artımı belə toprağın bahalaşmasına səbəb olan detaldır”.
Ekspert tropağın yerləşdiyi əraziyə uyğun olaraq qiymətinin 50%-dək arta biləcəyini də xüsusi vurğulayıb:
“Torpağın qiyməti “Bakı şəhərinin Baş Planı 2040” sənədinə uyğun olaraq baş verə biləcək dəyişikliklərin istər nəqliyyat əlçatanlığı baxımından, istər infrastrukturdakı yeniliklər baxımından əraziyə təsirini hesablamaqla 10-25%, hətta 50%-dək arta bilir. Forsmajor halları çıxmaq şərtilə dünyada baş verən artım tendensiyasını həm qızılda, həm də daşınmaz əmlakda görəcəyik. Bakıda torpaq bazarı son bir ildə davamlı qiymət yüksəlişi göstərib, xüsusilə mərkəzi və prestijli rayonlarda daha intensiv artım baş verib”.




