Torpaq alarkən buna mütləq diqqət edilməlidir, YOXSA… – Ekspert AÇIQLADI

“Daha məqsədəuyğun variant payın ayrılması və müvafiq dövlət qurumu tərəfindən ayrıca mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış) əldə edildikdən sonra alqı-satqının həyata keçirilməsidir”.

Bunu Day.Az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, əmlak eksperti Vüqar Oruc deyib.

Vüqar Oruc: Palata qiymətləndiriciləri seçim qarşısında qoyur - ya biz, ya AQC

O, pay şəklində çıxarışı olan torpaq sahəsinin alınması zamanı vətəndaşların üzləşə biləcəyi riskləri sıralayıb.

Ekspert bildirib ki, bu tip əmlakların alınması risklidir və tövsiyə olunmur.

“Daha məqsədəuyğun variant payın ayrılması və müvafiq dövlət qurumu tərəfindən ayrıca mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış) əldə edildikdən sonra alqı-satqının həyata keçirilməsidir. Əks halda, payçıların mövcudluğu gələcəkdə mübahisələrə və qərarvermədə çətinliklərə səbəb ola bilər.

Torpaq sahəsi alınarkən onun hüquqi vəziyyəti mütləq araşdırılmalıdır. Sahənin yaşayış təyinatlı olub-olmaması, tikintiyə icazə verilib-verilməməsi, kommunikasiya xətlərinin mövcudluğu, eləcə də qadağan olunmuş ərazilərə və ya strateji obyektlərə yaxınlığı yoxlanmalıdır. Bundan əlavə, torpaq üzərində hər hansı məhdudiyyətin, girovun, həbsin və ya məhkəmə mübahisəsinin olub-olmaması reyestr vasitəsilə dəqiqləşdirilməlidir”, – deyə o bildirib.

V.Oruc qeyd edib ki, alqı-satqı prosesi yalnız notarial qaydada aparılmalıdır:

“Qanunvericiliyə əsasən, çıxarış (Dövlət Əmlak Reyestrindən verilmiş sənəd) həmin əmlakın əsas hüquqi sənədidir və çıxarışsız torpaq, ev və ya digər əmlakın alınması ciddi risk daşıyır. Şifahi razılaşmalar və ya qeyri-rəsmi müqavilələr hüquqi baxımdan etibarlı hesab edilmir.

Pay torpaqlarında bütün tərəflərin razılığı vacibdir və bu razılıq notarial qaydada təsdiqlənməlidir. Torpağın təyinatı alıcının məqsədinə uyğun olmalı, ölçüləri və koordinatları dəqiqləşdirilməlidir. Praktikada çıxarışda göstərilən ölçülərlə faktiki vəziyyət arasında fərqlər ola bildiyi üçün əlavə ölçmə işlərinin aparılması və koordinatların yoxlanılması gələcək problemlərin qarşısını almaq üçün zəruridir”, – o yekunlaşdırıb.

Bənzər nəticələr

Daha çox