Mənzil bazarında illik 6 milyard dollarlıq potensial
Azərbaycanın daşınmaz əmlak bazarında xarici tələbin stimullaşdırılması iqtisadi aktivliyin artırılması baxımından mühüm imkanlar yarada bilər. Ekspertlərin hesablamalarına görə, xarici vətəndaşlara yönəlik mənzil satışlarının illik həcmi 6 milyard ABŞ dollarına çatdırıla bilər.
“Caspianinfo” xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvü, əmlak məsələləri üzrə ekspert, marketoloq Firdovsi Xəlilovun təhlilinə əsasən, hazırkı qiymət səviyyəsi və bazarın struktur xüsusiyyətləri bu potensialın reallaşdırılmasına imkan verir. Belə ki, ölkədə mənzilin orta qiymətinin təxminən 147 min ABŞ dolları olması illik 40–41 min mənzilin xarici bazara çıxarılması perspektivini formalaşdırır.

Qeyd olunur ki, bu həcmdə satış təkcə daşınmaz əmlak sektoruna deyil, bütövlükdə iqtisadiyyata ciddi təsir göstərə bilər. Hesablamalara görə, 6 milyard dollarlıq satış ÜDM-in təxminən 7,5–8 faizi həcmində əlavə dövriyyə yarada bilər.
Ekspertlər hesab edirlər ki, bu istiqamətdə məqsədyönlü siyasət tədbirlərinin həyata keçirilməsi xarici kapitalın ölkəyə cəlbini sürətləndirə və qeyri-neft sektorunun inkişafına təkan verə bilər.




