İpoteka mənzili qiymətləndirərkən bunlara diqqət etmək lazımdır

İpoteka krediti ilə mənzil almaq bir neçə mərhələdən ibarətdir. Vətəndaş əvvəlcə kredit imkanını müəyyənləşdirməli, uyğun mənzil seçməli, əmlakı qiymətləndirməli və bankın yekun qərarını almalıdır.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ipoteka və güzəştli ipoteka kreditləşməsini həyata keçirir, ipoteka kreditləri üzrə təminatlar verir, yaşayış sahələrini alaraq satmaq öhdəliyi ilə vətəndaşlara kirayəyə verir. Fond həmçinin “Elektron ipoteka və kredit zəmanət” sisteminin fəaliyyətini təmin edir, ipoteka bazarında likvidliyin artırılmasına xidmət edir, vətəndaşlara məlumat və məsləhət xidmətləri göstərir.

Güzəştli ipoteka almaq istəyən vətəndaş nə etməlidir?

  1. Güzəştli ipoteka hüququnuzu yoxlayın- İlk olaraq qanunvericilikdə müəyyən edilmiş güzəştli kateqoriyalardan birinə aid olub-olmadığınızı müəyyənləşdirin.
  2. Kredit imkanınızı hesablayın –Gəlirinizi, mövcud kreditlərinizi və ilkin ödəniş imkanınızı nəzərə alın. Fondun ipoteka kalkulyatorundan istifadə etməklə təxmini kredit məbləğini hesablamaq mümkündür.
  3. Elektron sistem vasitəsilə müraciət edin –İpoteka üçün müəyyən edilmiş qaydada “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə müraciət edilir.
  4. Bankın ilkin qiymətləndirməsindən keçin- Bank gəlirlərinizi, kredit tarixçənizi və ödəmə qabiliyyətinizi qiymətləndirir.
  5. Mənzil seçin –Mənzil seçərkən yalnız satış qiymətinə deyil, onun sənədlərinə, hüquqi statusuna, yerləşməsinə, sahəsinə, planlaşdırılmasına, binanın və təmirin vəziyyətinə də diqqət yetirin.

Qiymətləndirici şirkəti necə seçmək olar?

Mənzil seçildikdən sonra əmlak qiymətləndirilir. Vətəndaş qiymətləndirici şirkəti Fondun müvafiq siyahısından özü seçir.

Şirkət seçərkən onun siyahıda olmasına, peşəkarlığına, təcrübəsinə, xidmət haqqına və qiymətləndirmənin müddətinə diqqət yetirmək məqsədəuyğundur.

Qiymətləndirici mənzilə baxış keçirirkən mənzilin hüquqi statusu və sənədlərinə,yerləşmə yerinə, sahə və otaqların sayına, planlaşdırmaya, mərtəbəyə, binanın vəziyyətinə,təmir səviyyəsinə,mühəndis-kommunikasiya sistemlərinə, faktiki vəziyyətin sənədlərə uyğunluğuna və analoji mənzillərin bazar qiymətlərinə diqqət yetirir.

Bütün bu məlumatlar əsasında mənzilin bazar dəyəri, yəni bazar iştirakçılarının davranışı və bazar məlumatları əsasında müəyyən edilən ehtimal olunan mübadilə qiyməti müəyyən edilir.

Qiymətləndirmədən sonra nə baş verir?

Qiymətləndirmənin nəticəsi elektron sistemdə yerləşdirilir və bank tərəfindən nəzərə alınır. Bank qiymətləndirmə nəticəsini borcalanın gəlirləri və digər göstəricilərlə birlikdə qiymətləndirərək yekun kredit qərarı verir.

Alıcılara tövsiyələrmiz:

İpoteka ilə mənzil alarkən qərar verməzdən əvvəl özünüzə aşağıdakı sualları verməyiniz faydalıdır:

  1. Bu mənzil mənim maliyyə imkanlarıma uyğundurmu?
    Aylıq kredit ödənişini və ilkin ödənişi rahat qarşılaya biləcəyəmmi?
  2. Mənzilin sənədləri qaydasındadırmı?
    Mülkiyyət sənədi, sahə və digər məlumatlar düzgündürmü?
  3. Mənzilin faktiki vəziyyəti sənədlərə uyğundurmu?
    Qanunsuz artırma, yenidənqurma və ya sənəddə əks olunmayan dəyişiklik varmı?
  4. Bu mənzilin real bazar dəyəri nə qədərdir?
    Satıcının tələb etdiyi qiymət bazardakı analoji mənzillərin qiymətləri ilə uyğundurmu?
  5. Satış qiyməti ilə qiymətləndirilmiş bazar dəyəri arasında fərq varmı?
    Əgər qiymətləndirilmiş dəyər daha aşağıdırsa, əlavə şəxsi vəsaitə ehtiyacım olacaqmı?
  6. Bu mənzil ipoteka üçün uyğun hesab olunurmu?
    Bankın və Fondun əmlaka dair tələblərinə cavab verirmi?
  7. Mənzilin yerləşdiyi ərazi gələcək üçün əlverişlidirmi?
    Nəqliyyat, məktəb, xəstəxana, ticarət və digər infrastrukturlar necədir?
  8. Binanın və mənzilin texniki vəziyyəti necədir?
    Lift, dam, kommunikasiya sistemləri və ümumi bina vəziyyəti qənaətbəxşdirmi?
  9. Qiymətləndirici şirkəti düzgün seçmişəmmi?
    Şirkət Fondun müvafiq siyahısındadırmı və qiymətləndirməni peşəkar şəkildə həyata keçirirmi?
  10. Bu mənzili almaq mənim üçün uzunmüddətli maliyyə baxımından doğru qərardırmı?

Mənzilin sənədlərini əvvəlcədən yoxlayın, hüquqi və faktiki vəziyyətinin uyğunluğuna əmin olun və sonra qiymətləndirici şirkəti Fondun müvafiq siyahısından seçin.

Onu da nəzərə alın ki, İpoteka şərtləri, müraciət tarixləri və tələblər dəyişə bilər. Aktual məlumatları vaxtında almaq üçün müntəzəm olaraq https://mcgf.gov.az/azhttps://vecon.az  müraciət etməyi tövsiyə edirik.

 

Bənzər nəticələr

Daha çox