Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bəzi hallarda ev sahibləri ilə kirayədə qalan şəxslər arasında rəsmi müqavilələrin imzalanmamasına diqqət çəkib. Onun sözlərinə görə, bu cür hallarda gələcəkdə hüquqi mübahisələrin yaranması və tərəflərdən birinin hüquqlarının pozulması ehtimalı artır.
Vüqar Oruc bildirib ki, kirayə müqaviləsinin bağlanması təkcə hüquqi təminat baxımından deyil, həm də vergitutma mexanizminin düzgün işləməsi üçün vacibdir. Onun sözlərinə görə, kirayə müqavilələri ödəmə mənbəyindən vergi tutulmasını nəzərdə tutur və bu məbləğ çox vaxt 14 faiz təşkil edir.
“Bəzi hallarda məhz bu vergi öhdəliyinə görə tərəflər — ev sahibi və kirayəçi — rəsmi müqavilə bağlamaqdan çəkinirlər. Onlar düşünürlər ki, bu addım kirayə qiymətinin və ümumi xərclərin artmasına səbəb ola bilər. Lakin bu, çox riskli yanaşmadır”, — deyə AQC sədri qeyd edib.
O vurğulayıb ki, kirayə müqaviləsi olmadığı halda tərəflər arasında yaranan hər hansı mübahisə hüquqi yollarla həll edilə bilmir və vətəndaşlar bu səbəbdən çətinliklərlə üzləşirlər.
“Bu səbəbdən vətəndaşlara tövsiyə olunur ki, kirayə ilə bağlı bütün hüquqlarını və öhdəliklərini rəsmi müqavilədə təsbit etsinlər. Bu həm hüquqi qoruma təmin edəcək, həm də vergi şəffaflığını artıracaq”, — deyə Vüqar Oruc əlavə edib.