Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc tikinti materiallarının qiymətlərindəki artımla bağlı bildirib ki, bu ilin yanvar-fevral aylarında qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 3,5%-5,7% aralığında bahalaşıb. Onun sözlərinə görə, yaz fəslinin gəlməsi ilə tikinti sektorunda aktivlik artır və bu da tikinti materiallarına tələbatın yüksəlməsi ilə yanaşı, qiymətlərin artmasına səbəb olur. V.Oruc qeyd edib ki, mart ayında qeyri-iş günlərinin çoxluğu səbəbindən aktivlik nisbətən zəif ola bilər, lakin tikinti mövsümünün başlaması, manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər, iqtisadi artım və işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri bazarda canlanmanı dəstəkləyir.
O əlavə edib ki, inşaat materiallarının qiymət artımına təsir edən əsas amillər arasında idxal bazarlarında baş verən dəyişikliklər, monetar siyasət və tikinti sektorundakı tələb-təklif balansı mühüm rol oynayır. Azərbaycanın əsas inşaat materiallarını idxal etdiyi ölkənin Rusiya olduğunu vurğulayan Vüqar Oruc qeyd edib ki, əgər Rusiya ilə iqtisadi münasibətlərdə problem yaranmasa, bazarda ciddi dalğalanmalar gözlənilmir. Lakin regionda fors-major vəziyyət, devalvasiya və monetar siyasətdə dəyişiklik qiymət artımına səbəb ola bilər.
Onun sözlərinə görə, bu tendensiyanın mart-aprel aylarında da davam edəcəyi gözlənilir. Ümumilikdə proqnoz edilir ki, tikinti mövsümünün sonuna kimi inşaat materiallarının qiymətində 10-12% artım olacaq, daşınma xərclərində isə 15-20% civarında bahalaşma gözlənilir. Bu isə xüsusilə idxal olunan materialların qiymətlərinə birbaşa təsir göstərəcək.
Vüqar Oruc vurğulayıb ki, inşaat sektorunda iri oyunçuların bazara daha çox nəzarət etməsi müşahidə olunur. Kiçik tacirlər tədricən sıradan çıxır, iri ticarətçilər isə öz mövqelərini gücləndirir. Bu hal bazarda oyunçu sayını azaltmaqla yanaşı, qiymətlərin tənzimlənməsinə və potensial olaraq monopoliya şəraitinə səbəb ola bilər. Xüsusilə taxta, metal məmulatları və digər idxal məhsullarında qiymət artımı gözlənildiyini bildirən Oruc, yerli istehsalda bəzi məhsullar üzrə bu artımın o qədər də kəskin olmayacağını, armatur və köməkçi tikinti materiallarında isə qiymət artımının nisbətən aşağı olacağını əlavə edib. Onun sözlərinə görə, mart ayının əvvəlində qiymət dəyişiklikləri ciddi hiss olunmasa da, ayın sonuna və aprel ayının əvvəllərinə doğru bu artımlar daha aydın şəkildə görünəcək.