Qiymətləndirmə fəaliyyəti artıq ölkədə strateji əhəmiyyət kəsb edən peşələrdən birinə çevrilib. Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc cəmiyyətin VIII hesabat-seçki konfransında danışıb.
Vüqar Oruc bildirib ki, uzun illər bu peşəyə yalnız maliyyə və bank sektoruna bağlı fəaliyyət kimi baxılırdı. Lakin hazırda qiymətləndirmə prosesi alqı-satqı əməliyyatları, hüquqi müqavilələr və digər iqtisadi-hüquqi münasibətlərdə ayrılmaz bir hissəyə çevrilib. “Qiymətləndirici bu gün qərarvermə prosesində mühüm rol oynayan, hətta bəzi hallarda arbitr funksiyasını yerinə yetirən şəxsdir,” – deyə AQC sədri vurğulayıb.
O əlavə edib ki, son illərdə qəbul edilən qanun və dəyişikliklər qiymətləndiricilərin fəaliyyət sahəsini genişləndirib və bu sahəyə olan ehtiyac daha da artıb. Eyni zamanda, bu sahədə şəffaflıq və peşəkarlıq standartlarının yüksəldilməsi də əsas prioritetlərdəndir.
Türk dövlətləri ilə əməkdaşlıq məsələsinə toxunan Oruc qeyd edib ki, Azərbaycan bu sahədə də mühüm addımlar atmaqdadır. 2024-cü ilin may ayında Bakıda keçirilmiş Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının 3-cü konfransında Azərbaycanın quruma sədrlik etməsi bu sahədə beynəlxalq nüfuzun göstəricisidir.
“Bu uğur Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin qarşıdakı dövrdə daha fəal olmasını, regional əməkdaşlıqların dərinləşdirilməsini və qiymətləndirmə sahəsində yeni mərhələnin başlanmasını təmin edəcək,” – deyə Vüqar Oruc əlavə edib.