Son üç ildə Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı sabit tendensiyaya çevrilib. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucun sözlərinə görə, bu artım təsadüfi deyil və bir sıra ciddi səbəblərlə bağlıdır.
Vüqar Oruc bildirib ki, əvvəllər daşınmaz əmlak bazarında qiymətlər zaman-zaman dalğalanır, bəzən mövsümi artım, bəzən isə enmə müşahidə olunurdu. Lakin artıq üç ildir ki, bu bazarda qiymət enməsi qeydə alınmayıb. Ekspertin fikrincə, bu vəziyyətin yaranmasında əsas amillərdən biri Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğaldan azad edilən ərazilərdə aparılan infrastruktur layihələridir. “Bu proses ölkəyə investisiya axınını artırıb və ümumilikdə daşınmaz əmlaka marağı gücləndirib,” – deyə o vurğulayıb.
AQC sədri əlavə edib ki, ölkədə formalaşan yeni iqtisadi reallıqlar və inkişaf imkanları daşınmaz əmlak sektoruna da ciddi təsir göstərir. Əhalinin zövq və prioritetlərində dəyişiklik müşahidə olunur – insanlar artıq daha komfortlu və geniş imkanlara malik mənzillərə üstünlük verirlər. Bu da tələbatın artmasına və qiymətlərin yüksəlməsinə gətirib çıxarır.
Onun sözlərinə görə, Bakının Baş planının hazırlanması və hökumətin şəhərsalma sahəsində qoyduğu strateji hədəflər də bu prosesə əlavə təkan verib. “Baş verənlər ölkə iqtisadiyyatında baş verən dəyişikliklərin vətəndaşların həyatına birbaşa təsiri kimi qiymətləndirilməlidir,” – deyə Vüqar Oruc fikrini tamamlayıb.