Ucuz parfümeriya məhsullarına diqqət etmək lazmdır



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Referans-a verdiyi açıqlamada parfümeriya məhsullarının sağlamlığa təsiri ilə bağlı vacib məqamlara toxunub. O bildirib ki, mənşəyi məlum olmayan və bazar qiymətlərindən xeyli ucuz təklif olunan ətir və parfümeriya məhsulları ciddi şübhələr doğurur və bu, insan sağlamlığı üçün təhlükə mənbəyi ola bilər.

Vüqar Orucun sözlərinə görə, bu cür məhsulların çox zaman qeyri-qanuni yolla istehsal olunduğu ehtimal edilir və istifadə olunan komponentlərin təhlükəsizliyi də şübhə altındadır. "Belə məhsulların sağlamlıq üçün test olunmadığı, yoxlanılmadığı ehtimalı yüksəkdir. Əgər bu məhsullar birbaşa dərimizlə təmas edirsə və ciddi dəri fəsadları yarada bilirsə, onlardan imtina etmək və onların satışına nəzarəti gücləndirmək vacibdir," – deyə o vurğulayıb.

O, eyni zamanda dövlət qurumlarının və ictimai təşkilatların bu məsələni diqqət mərkəzində saxlamasının zəruriliyini qeyd edib: “İstehlakçı hüquqlarını qorumaq dövlət orqanlarının borcudur. Belə məhsulların bazardan yığışdırılması, onların keyfiyyətinin yoxlanılması vacibdir.”

Oruc əlavə edib ki, parfümeriya və ətir məhsullarının geniş təklif olunduğu bir şəraitdə mütləq şəkildə onların keyfiyyət sertifikatı təqdim olunmalıdır. Əgər məhsulun mənşəyi və keyfiyyəti təsdiqlənmirsə, o zaman belə məhsullar ictimai istifadəyə təqdim edilməməlidir.

"Bu sahədə həm istehsalçılardan, həm də məhsulu ölkəyə gətirən distribütorlardan müvafiq sənədlər tələb olunmalıdır. Məhsulların sağlamlıq üçün təhlükəsiz olduğunun müəyyən olunması üçün bu, olduqca vacibdir", – deyə o fikrini yekunlaşdırıb.

Beləliklə, vətəndaşlar ucuz qiymətə satılan ətirlərə aldanmadan, yalnız sertifikatlı və mənşəyi bəlli olan məhsullara üstünlük verməlidir. Sağlamlığımız ucuz parfümlərin qurbanı olmamalıdır.