Bakı şəhərində qəzalı və istismar müddətini başa vurmuş binaların sökülməsi prosesi çərçivəsində kompensasiya məsələləri gündəmdə qalmaqda davam edir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, bu proses Şəhərsalma və Arxitektura Komitəsi ilə Fövqəladə Hallar Nazirliyinin birgə fəaliyyəti ilə həyata keçirilir və kompensasiyaların məbləği qiymətləndirmə mərhələsindən sonra müəyyən olunur.
Onun sözlərinə görə, bu zaman müvafiq satınalma üzrə tender elan edilir, qalib şirkət isə ərazidə yerində baxış keçirdikdən sonra kompensasiya məqsədilə ödəniləcək məbləği hesablayır. Həmin ərazinin bir kvadratmetrinin dəyəri müəyyən edildikdən sonra mənzilin ümumi sahəsi ilə vurularaq vətəndaşa ödəniləcək kompensasiya məbləği ortaya çıxarılır.
Vüqar Oruc əlavə edib ki, bəzən tikinti şirkətləri və sakinlər arasında razılaşma əldə olunmur. Belə hallarda tərəflərdən biri bazar dəyəri əsasında təklif edilən kompensasiyanı qəbul etməyə bilər. O hesab edir ki, bu cür mübahisəli halların qarşısını almaq üçün kompensasiya məbləğinin qiymətləndirmə fəaliyyəti əsasında rəsmi və məcburi şəkildə müəyyən olunması zəruridir.
AQC sədri həmçinin vurğulayıb ki, rəhbərlik etdiyi qurum tərəfindən bu məsələyə dair qanunvericiliyə dəyişiklik təklifləri də hazırlanıb və təqdim edilib. Məqsəd, kompensasiya mexanizmlərinin şəffaf, obyektiv və vətəndaşların hüquqlarını qoruyacaq şəkildə həyata keçirilməsidir.