Ev almaq niyə çətinləşir?



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk üç ayı ərzində mənzillərin qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə orta hesabla 14,4 faiz artıb. Artım yeni tikililərdə 12,9 faiz, təkrar bazarda isə 14,4 faiz səviyyəsində qeydə alınıb ki, bu göstərici dövr üzrə rəsmi inflyasiya səviyyəsini 2,6 dəfə üstələyir.

Qiymət artımı müxtəlif iqtisadi və sosial faktorların təsiri ilə formalaşır. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirir ki, bu artımın arxasında real iqtisadi əsaslar dayanır:

“Həm manatın alıcılıq qabiliyyətinin dəyişməsi, həm də daşınmaz əmlakın investisiya baxımından daha cəlbedici hala gəlməsi qiymət artımını stimullaşdırır. Hazırda daşınmaz əmlak ölkədə kapital yığımının əsas istiqamətlərindən biri kimi çıxış edir. Bu isə bazarda mənzil tələbinin artmasına və nəticədə qiymətlərin yüksəlməsinə səbəb olur”.

Onun sözlərinə görə, mənzil bazarına təsir edən mühüm amillərdən biri də qəzalı binaların sökülməsi ilə bağlı gedən prosesdir:

“Söküntü işlərinin başlaması bazarda yeni mənzil ehtiyacını artırır və bu da psixoloji olaraq qiymətlərə təzyiq göstərir. İnsanlar gözləyirlər ki, bu proses fonunda mənzil almaq daha da çətinləşəcək və bu da təlabatı artırır”.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev isə qiymət artımını ipoteka kreditlərinin genişlənməsi ilə əlaqələndirir. Onun sözlərinə görə, dövlətin ipoteka dəstəyi alıcıların bazara daxil olmasını asanlaşdırsa da, bu, eyni zamanda, tələbatın kəskin şəkildə artmasına səbəb olur və nəticədə qiymətlər yüksəlir.

Mərkəzi Bankın maliyyə sabitliyi hesabatında da qeyd olunub ki, 2020-ci ildə pandemiyanın təsiri ilə bazarda müəyyən sabitlik müşahidə olunsa da, sonrakı illərdə artım dinamikası davam edib. Ümumilikdə, 2020-ci ilin sonu ilə 2024-cü ilin eyni dövrü arasında mənzillərin qiymətləri orta hesabla 32,4 faiz artıb.

Mövcud vəziyyət bir daha göstərir ki, daşınmaz əmlak bazarındakı qiymət artımı qısamüddətli deyil və bazarda yeni reallıqlar formalaşır. Bu şəraitdə vətəndaşların ev sahibi olmaq imkanları əvvəlki illərlə müqayisədə daha da məhdudlaşır.