Qiymətləndiricilər Cəmiyyəti onlayn toplantı keçirib

Qiymətləndiricilər Cəmiyyəti onlayn toplantı keçirib

Bu gün Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin növbəti toplantısı keçirilib.

 

Qiymətləndiricilər Cəmiyyəti onlayn toplantı keçirib

Cəmiyyətin İdarə Heyəti sədrinin müavini, “VECON CONSULTING” qiymətləndirmə, layihələndirmə və rieltor şirkətinin direktoru Vüqar Orucun Cebhe.info-ya verdiyi məlumata görə, onlayn keçirilən toplantıda bir neçə məsələ müzakirə olunub. İlk olaraq koronavirus pandemiyası dövründə ölkədə və o cümlədən AQC-yə daxil olan şirkətlərin fəaliyyətində yaranmış çətinliklərdən danışılıb. Qeyd olunub ki, maliyyə qurumları və bir çox xidmət sahələri karantin dövründə icazəli fəaliyyət göstərən qurumların siyahısına salınsa da, qiymətləndirmə şirkətlərinə bu hüquq tanınmayıb. Amma banklar və bir sıra dövlət qurumları fəaliyyət göstərirsə, qiymətləndirmə şirkətlərinin də fəaliyyəti mütləq davam etməlidir. Belə ki, kommersiya bankları sahibkarlara ayırdığı kreditlərin qarşılığında qəbul etdikləri girovları məhz Mərkəzi Bankın qərarına uyğun olaraq müstəqil qiymətləndirmə şirkətləri qiymətləndirməlidir. Digər tərəfdən şirkətlərin fəaliyyəti hər hansı kütləvilik yaratmadığı üçün təhlükəli deyil.

Toplantı iştirakçıları bildirib ki, yaranmış durum sözügedən qurumların fəaliyyətinə, bu sistemdə çalışan əməkdaşların maddi vəziyyətinə gələcəkdə ciddi şəkildə təsir edə bilər. Yeni iş yerlərinin açılmasını və mövcud iş yerlərinin bağlanmamasını birmənalı öz siyasətinin prioriteti elan edən hökumət Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə daxil olan 30-dan çox şirkətdə çalışan insanlara dəstək olaraq həm icazəli fəaliyyət kodları sırasına qiymətləndirmə fəaliyyətini daxil edilməsinə, həm də şirkətlərə hazırki böhranlı vəziyyətdə dəstək verilməsinə yardımçı olmalıdır. Bu şirkətlərin hər birində 10-15 nəfər əməkdaş çalışır. Bu durum sonradan onların maddi vəziyyətində ciddi problemlərə yol açacaq, onlarla kiçik sahibkar ciddi böhranla üzləşəcək. Aidiyyati qurumlardan qiymətləndirmə şirkətlərinin düşdüyü durumu nəzərə almalarını xahiş edirik və bununla bağlı yaxın günlərdə xüsusi müraciət ünvanlanacaq”, -deyə İdarə Heyətinin toplantısında aparılan müzakirələr barədə “VECON CONSULTING” qiymətləndirmə, layihələndirmə və rieltor şirkətinin direktoru Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, pandemiya dövründə zərərçəkən qurumlar olaraq qiymətləndirici şirkətlər də maliyyə yardımı ala bilər: “Aidiyyatı dövlət qurumları bu şirkətlərə, bu sistemdə çalışan sahibkarlara hansıda formada dəstək proqramları nəzərdə tuta bilər”.

Toplantıda AQC sədri Nüsrət İbrahimov vəziyyətdən çıxış yolu kimi AQC-nin nəzdində xüsusi fondun yaradılmasını təklif edib. Hesab edilir ki, bu fond karantin dövründə problemlərlə üzləşmiş qiymətləndirmə şirkətlərinə maddi yardım edə bilər.

Toplantıda qərar alınıb ki, mövcud problemlərin həlli ilə əlaqədar müvafiq dövlət qurumlarına müraciət olunsun. İlk olaraq icazəli fəaliyyətlə bağlı kodlaşdırmada qiymət şirkətlərinin də nəzərə alınması vacib hesab edilib.

Daha sonra AQC İdarə Heyətinin üzvləri yeni dövrdə əmlakların qiymətləndirilməsi zamanı sahibkarlıq subyektlərinə dəstək verilməsi və onların hüquqlarının qorunması üçün pandemiya dövrü üçün nəzərdə tutulan Beynəlxalq Qiymətləndirmə Standartları Komissiyasının tövsiyəsini də müzakirə ediblər. Həmin tövsiyələrin növbəti toplantıda daha geniş müzakirə edilməsinin vacibliyi vurğulanıb.

 

Cebhe.info  (https://cebhe.info/qiymetlendiriciler_cemiyyeti_onlayn_toplanti_kecirib-201455