Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini Vüqar Oruc isə AYNA-ya şərhində bildirib ki, istifadəyə uyğun olmayan ərazilərdə yerləşən tikinti obyektləri, əslində bu cür yanğınların baş verməsinin əsas səbəblərindən biridir: “Çünki standartalara və qanunvericiliyə görə, hər hansı bir tikinti işləri aparılan zaman müvafiq qaydalara əməl olunmalıdır. Yerli icra hakimiyyəti orqanları istənilən ərazidə tikinti işlərinin aparılmasına icazə verməməlidir. O cümlədən çoxsaylı müştəriləri, aktiv alqı-satqı prosesi olan tikililərdə xüsusi olaraq təhlükəsizlik məsələləri nəzərdən qaçmamalıdır. Yəni həmin tikinti proseslərinə elə yerlərdə icazə verilməlidir ki, gələcəkdə rast gəldiyimiz bu faciə ilə eynilik təşkil edən hadisələr baş verməsin. Bunun üçün də müvafiq strukturlar ilk növbədə mövcud qaydalara əməl etməlidir”.

Ekspert hesab edir ki, tikinti prosesləri yerləşdiyi ərazilərə görə ciddi nəzarətə alınmalıdır: “Məlum olduğu kimi kiçik məmurlar xırda maraqları üçün istənilən növ tikinti işlərinə icazə verir və şərait yaradırlar. Bunun nəticəsində də sahibklarlar müştəriləri cəlb etmək üçün, əsasən yol kənarlarında və təhlükəsizlik qaydalarına əməl etmədən tikinti işləri aparırlar. Bu, ciddi şəkildə nəzarətə alınmalıdır”.

 

“Heç kimə sirr deyil ki, bu günə qədər tikinti təhlükəsizliyi ilə bağlı sənədlər çox zaman formal xarakter daşıyıb. Tikinti şirkətlərinin sahibləri də təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı prosedurlar keçmək əvəzinə, müəyyən bir yer seçib tikinti işlərinə başlamağı üstün tutublar. Lakin tikinti işləri bitəndən sonra məsələnin qanuni tərəfini həll etməyə çalışıblar. Bu, həm də bizim yollarımızla eynilik təşkil edir. Necə ki, yol çəkmə prosesində əvvəlcə yolu çəkirlər, sonra çəkilən yolu söküb kanalzasiya sistemi çəkirlər, bir növ bu da onun kimi bir prosesdir. Yalnız iş yekunlaşandan sonra qanuna müraciət edirlər”, - V.Oruc vurğulayıb.

 

O, əlavə edib ki, artıq yeni tikintilər üçün müvafiq icra hakimiyyətləri və Fövqaladə Hallar Nazirliyi birləşib normal qaydada, formal xarakter daşımayaraq, təhlükəsizlik qaydalarına tam riayət edərək, son illərdə baş vermiş hadisələri nəzərə almalıdır: “Çünki bir binada baş verən yanğın, yalnız həmin binanın sahibinə ziyan vurmur, eyni zamanda sözügedən binadan istifadə edənlərə də zərər verir. Aydındır ki, bu da ölkədə ciddi narazılıqlara səbəb olur. Ona görə də çalışmaq lazmdır ki, bu cür halların qarşısı əvvəlcədən alınsın”.