Vüqar Oruc “Formula 1 Azərbaycan Qran-Prisi” yarışlarının bir sıra sektorlarda canlanma yaradacağını bildirib

Vüqar Oruc “Formula 1 Azərbaycan Qran-Prisi” yarışlarının bir sıra sektorlarda canlanma yaradacağını bildirib

Aprelin 26-28-ində Bakıda “Formula 1 Azərbaycan Qran-Prisi” 2019 yarışı keçiriləcək.

Bəs görəsən bu nüfuzlu idman tədbiri ölkədə, o cümlədən Bakı şəhərində daşınmaz əmlak bazarına hansı təsiri göstərəcək?

“VECON” Qiymətləndirmə şirkətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Oruc Sosium.az-a açıqlamasında “Formula 1 Azərbaycan Qran-Prisi” yarışlarının bir sıra sektorlarda canlanma yaradacağını bildirib:

“Ölkədə beynəlxalq yarışların keçirilməsi adətən ilk növbədə turist axınının güclənməsinə səbəb olur. Azərbaycana gələn turistlərin əsasən Bakı şəhərində və ölkəmizin turizm guşələrində daşınmaz əmlaka sahib olmaq istəyi və bu istəyin gerçəkləşməsi nəticəsində daşınmaz əmlak bazarında canlanma baş verə bilər. Təsadüfi deyil ki, ötən yarışların ərəfəsində də eyni prosesi müşahidə etmişdik”. Vüqar Oruc əlavə olaraq bildirib ki, beynəlxalq idman yarışları ərəfəsindəki canlanmanın nəticəsi olaraq turistlər tərəfindən alınan daşınmaz əmlakların sayı barədə statistik məlumatlar olmasa da, belə faktlar mövcuddur.

Yarışların keçirildiyi aprelin sonu, mayın əvvəli daşınmaz əmlak bazarında qiymətlərin bahalaşacağını, bazarda canlanmanın baş verəcəyini vurğulayan ekspert bu prosesin ölkə iqtisadiyyatına da müsbət təsir göstərəcəyini qeyd edib.

Sonda Vüqar Oruc əlavə edib ki, daşınmaz əmlak bazarında qiymətlərin artması müvəqqəti xarakter daşıyacaq və ekspertin ilin sonuna qiymətlərin ucuzlaşması verilən proqnoz qüvvəsində qalır.